Bakı. Trend:
Fələstinin HƏMAS hərəkatının silahsızlaşdırılması prosesi artıq 30 gün ərzində başlaya bilər, tunellərin bir hissəsinin ləğvi ilə bağlı işlərə isə yaxın 60–90 gün ərzində başlanılması mümkündür.
Bunu ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra Fox News telekanalına müsahibəsində bildirib.
“Biz həmçinin hər hansı birbaşa təhdid yaranacağı təqdirdə İsrailin özünümüdafiə hüququnu məhdudlaşdırmaq niyyətində deyilik”, – Kuşner deyib.
Onun sözlərinə görə, irəliləyiş “artıq 30 gün ərzində” başlaya bilər və bu, silahların bir hissəsinin müsadirəsini də əhatə edir.
“Ümid edirəm ki, növbəti 60–90 gün ərzində tunellərin bir hissəsinin ləğvinə də başlanılacaq”, – deyə o əlavə edib. Kuşner bunun üçün hər iki tərəfin əməkdaşlığının tələb olunacağını vurğulayıb.
Netanyahunun Cared Kuşnerlə görüşü təxminən dörd saat davam edib.
“Görüş təxminən dörd saat davam edib. Görüşdə Kuşner, Böyük Britaniyanın keçmiş baş naziri və Sülh Şurasının nümayəndəsi Toni Bler, Sülh Şurasının Qəzza sektoru üzrə yüksək nümayəndəsi Nikolay Mladenov və Sülh Şurasının üzvləri iştirak ediblər”, – deyə TASS israilli mənbəyə əsasən bildirib.
“Netanyahu həmçinin Kuşnerlə təkbətək uzun və ətraflı söhbət edib”, – deyə o əlavə edib.
