Bakı. Trend:
Bakının iki küçəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar avqustun 18-dən etibarən Bakı şəhərinin Yasamal və Nərimanov rayonlarında iki küçə müvəqqəti bağlanacaq:
"Belə ki, Yasamal rayonunun Zahid Xəlilov küçəsi Akim Abbasov küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinədək saat 08:00-dan, Nərimanov rayonunun Ceyhun Hacıbəyli küçəsi isə Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək saat 20:00-dan nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq".
Qeyd edilib ki, məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.
Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.
