Şindan qalasında arxeoloji kəşfiyyat işlərinə başlanılıb (FOTO)

Mədəniyyət Materials 18 Avqust 2026 11:45 (UTC +04:00)
Şindan qalasında arxeoloji kəşfiyyat işlərinə başlanılıb (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Astara rayonunun Sım kəndindən təxminən 6-7 kilometr cənub-qərbdə, Talış dağlarının yüksək zirvələrindən birində yerləşən Şindan qalasında arxeoloji kəşfiyyat işlərinə başlanılıb.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutundan verilən məlumata görə, tədqiqatlar institutun “Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayevin rəhbərliyi ilə həyata keçirilir.

Kəşfiyyat işlərinin əsas məqsədi Şindan qalasının müasir vəziyyətinin qiymətləndirilməsi, abidənin sənədləşdirilməsi və əvvəlki araşdırmalarda göstərilən məlumatların mövcud arxeoloji izlərlə müqayisəsidir.

Qeyd edilib ki, Şindan qalası ərazisində bundan əvvəl 1969 və 2003-cü illərdə arxeoloji araşdırmalar aparılıb. Beləliklə, abidədə 23 illik fasilədən sonra yenidən tədqiqat həyata keçirilir.

2026-cı ildə aparılan vizual müşahidələr zamanı yerüstü monumental qala divarları aydın şəkildə qeydə alınmasa da, yeni arxeoloji izlər müəyyən edilib. Qala ərazisində təxminən 10 metr uzunluğunda təbii qaya mağarası – sığınacaq qeydə alınıb.

Sığınacağın daxili hissəsində, qayanın dibinə yaxın ərazidə təxminən 22×22 santimetr ölçülü bişmiş qırmızı kərpiclərdən ibarət divar qalıqları və keramika fraqmentləri aşkarlanıb. Quruluşun təyinatı dəqiq müəyyənləşdirilməsə də, onun saxlanc yeri kimi istifadə olunduğu ehtimal edilir. Keramika nümunələri ilkin olaraq orta əsrlər dövrünə aid edilir. Onların dəqiq xronologiyasının müəyyənləşdirilməsi üçün əlavə tədqiqatlara ehtiyac olduğu bildirilir.

Qalanın ətəyində, Sım kəndi ərazisində yerləşən qədim qəbiristanlığın da günümüzədək qorunduğu müəyyən edilib. Buradakı qəbirüstü abidələr pilləvari formaya malikdir və üzərlərində həndəsi naxışlar mövcuddur.

Şindan qalası haqqında erkən yazılı məlumatlardan biri 1833-cü ildə London Kral Coğrafiya Cəmiyyətinin nəşrində yer alıb. Həmin dövrün səfər qeydlərində qala təxminən 7000 fut hündürlükdə yerləşən, daş müdafiə divarları, tikili xarabalıqları, sisterna və digər strukturları olan, lakin artıq dağılmaqda olan memarlıq obyekti kimi təsvir edilib.

Mütəxəssislər hesab edirlər ki, qalanın dəqiq tikilmə tarixinin və fəaliyyət dövrlərinin müəyyənləşdirilməsi üçün gələcəkdə sistemli arxeoloji qazıntıların, topoqrafik və geofiziki tədqiqatların aparılmasına, həmçinin tapıntıların laborator analizlərinə ehtiyac var.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti