Bakı. Trend:
Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) hüquq-mühafizə orqanlarının əməkdaşları və dövlət qulluqçularının adından istifadə edilməklə törədilən kiberdələduzluq hallarına qarşı əməliyyat keçirib.
DİN-dən verilən məlumata görə, saxta sosial şəbəkə profilləri və “WhatsApp” hesabları vasitəsilə törədilən çoxsaylı kiberdələduzluq faktları ilə bağlı keçirilən əməliyyat nəticəsində Fərid Əliyev, Asiman Zeynalov, Tofiq Əliyev, Fərid Atakişiyev, Röyal Abdullayev, Anar Məmmədov, Rəşad Hacıyev və Həmid Əliyev saxlanılıblar.
Onların ölkə hüdudlarından kənarda fəaliyyət göstərən kibercinayətkar qruplaşmalarla əlbir olmaqda şübhəli bilindiyi qeyd olunub.
Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxslər xaricdə fəaliyyət göstərən kibercinayətkar qruplaşmaların üzvlərini yerli mobil operatorlara məxsus elektron nömrələr, bank kartları və digər məlumatlarla təmin ediblər. Onlayn satışı təşkil edilən həmin mobil nömrə və bank kartlarından kibercinayətlərin törədilməsində istifadə olunduğu müəyyənləşdirilib.
Əməliyyat zamanı saxlanılan şəxslərin qanunsuz yolla əldə etdikləri 2 mindən artıq bank kartı və elektron mobil nömrənin cinayət əməllərində istifadə üçün yönləndirildiyi aşkarlanıb. Həmin kart və mobil nömrələrin bir hissəsindən qanunsuz onlayn qumar və kazino oyunlarının təşkili zamanı da istifadə edildiyi məlum olub.
Hazırda saxlanılan şəxslərlə bağlı əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir. Xarici ölkələrdə fəaliyyət göstərən kibercinayətkar qruplaşmaların digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.
DİN vətəndaşlara bank rekvizitlərini və mobil nömrələrini üçüncü şəxslərə təqdim etməmələri barədə xəbərdarlıq edib. Vətəndaşlara bank hesablarına mənbəyi şübhəli pul vəsaitləri köçürüldükdə, mobil nömrələrinə şübhəli SMS-lər daxil olduqda və ya ödəniş müqabilində bank kartı məlumatlarını təqdim etmək təklif edildikdə dərhal polis orqanlarına məlumat vermələri tövsiyə olunub.
