Azərbaycan iqtisadi artımla bağlı proqnozunu yeniləyib

İqtisadiyyat Materials 18 Avqust 2026 12:26 (UTC +04:00)
Azərbaycan iqtisadi artımla bağlı proqnozunu yeniləyib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Baki. Trend:

2026-cı ilin ilk 6 ayının makrofiskal nəticələri, həmçinin qlobal miqyasda iqtisadi artımla və enerji daşıyıcılarının qiymətləri ilə bağlı gözləntilər fonunda cari ildə ölkə iqtisadiyyatı ilə bağlı makroiqtisadi proqnozlar yenilənib.

Maliyyə Nazirliyi bildirir ki, həmin proqnozlara əsasən, 2026-cı ildə ÜDM-in real ifadədə 1,7 faiz artmaqla 138,0 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən nominal olaraq 3,9 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in real ifadədə 3,1 faiz artmaqla 100,0 milyard manata (əvvəlki proqnoza nəzərən nominal ifadədə 1,7 milyard manat az) çatacağı gözlənilir.

Vurğulanıb ki, tikinti və turizm sektoru üzrə gözlənilən nisbətən aşağı artım templəri ümumilikdə qeyri-neft-qaz sektorunun proqnozlarına öz təsirini göstərib: “Belə ki, 2026-cı ildə qeyri-neft-qaz sektoru üzrə ÜDM-in real artım tempinə dair proqnoz 5,0 faizdən 3,1 faizə endirilmişdir. Eyni zamanda, cari ilin ötən dövründə faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə və ərzaq qiymətləri və bunun idxal qiymətlərinə təsiri, həmçinin tənzimlənən mal və xidmət tariflərindəki dəyişikliklər və sair amillər nəzərə alınmaqla 2026-cı ildə orta illik inflyasiya proqnozu 4,8 faizdən 5,7 faiz səviyyəsinə qaldırılmışdır”, - məlumatda bildirilib.

Eyni zamanda qeyd edilib ki, Yaxın Şərq regionunda davam edən geosiyasi gərginliklər fonunda enerji qiymətlərinin yüksəlməsi, inflyasiya təzyiqlərinin artması və monetar sərtləşmə gözləntilərinin yaranmasına səbəb olub: “Bu fonda, cari il üzrə qlobal iqtisadi artım proqnozları aparıcı beynəlxalq maliyyə təşkilatları tərəfindən yenidən nəzərdən keçirilmişdir. Beynəlxalq Valyuta Fondu (BVF) cari ilin iyul ayında verdiyi son proqnozda qlobal iqtisadi artım tempini aprel ayı ilə müqayisədə 0,1 faiz bənd azaldaraq 3,0 faiz səviyyəsində müəyyən etmişdir. Dünya Bankı (DB) da 2026-cı ilin iyun ayında qlobal iqtisadi artım üzrə əvvəlki proqnozunu 0,1 faiz bənd azaldaraq 2,5 faiz səviyyəsində qiymətləndirmişdir. Beynəlxalq maliyyə institutları və agentliklərinin son proqnozlarına əsasən, xam neftin bir barelinin orta illik satış qiymətinin 82-94 ABŞ dolları civarında olacağı proqnozlaşdırılır”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti