Bakı. Trend:
2025-ci ildə dünyada 350 humanitar işçi həlak olub. Onlardan 186-sı Qəzza zolağında, 71-i isə Sudanda həyatını itirib.
Trend xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi (OCHA) məlumat yayıb.
Qurumun bəyanatında bildirilir ki, “2025-ci il humanitar işçilərə qarşı zorakılıq baxımından növbəti faciəvi rekordu müəyyənləşdirib – ümumilikdə 907 humanitar əməkdaş öldürülüb, yaralanıb və ya oğurlanıb”.
Humanitarian Outcomes tədqiqat mərkəzinin məlumat bazasına əsaslanan statistikaya görə, ölənlərin sayı 2024-cü illə müqayisədə bir qədər azdır. Həmin il 377 humanitar işçi həlak olmuşdu.
OCHA-nın məlumatına görə, 2026-cı ilin əvvəlindən etibarən dünyada daha 82 humanitar işçi öldürülüb, 97-si yaralanıb, 39-u isə oğurlanıb.
BMT-nin humanitar məsələlər üzrə koordinatoru Tom Fletçer bildirib ki, son üç ildə 1000-dən çox humanitar işçinin öldürülməsi tamamilə qəbuledilməzdir.
“Dövlətlər beynəlxalq humanitar hüququn icrasını təmin etməli və mülki əhalini, eləcə də həmkarlarımızı qorumaq üçün bütün imkanlardan istifadə etməlidirlər. Qaydaları pozanlar isə bunun nəticələrinə qatlaşmalıdırlar”, – deyə o bildirib.
OCHA xüsusilə “ucuz və asan uyğunlaşdırılan silahlı dronların yayılmasının ciddi narahatlıq doğurduğunu” vurğulayıb. Qurumun qiymətləndirməsinə görə, bu cür pilotsuz uçuş aparatları “getdikcə daha çox aktora ölümcül zərbə imkanları əldə etməyə şərait yaradır”.
Məlumata görə, Sudanda silahlı dronlar 2026-cı ilin ilk dörd ayında mülki şəxslər arasında qeydə alınan ölümlərin 80 faizinə səbəb olub. Onlar bazarlar və tibb müəssisələri də daxil olmaqla müxtəlif obyektlərə zərbələr endirib.
“Silahlaşdırılmış dronlar köhnə bir təhlükənin yeni simasına çevrilib – mülki insanların həyatına qəsdən və ya ehtiyatsız yanaşma”, – deyə Tom Fletçer qeyd edib.
“Texnologiya dəyişə bilər, amma müharibə qanunları dəyişmir”, – deyə o əlavə edib.