Bakı. Trend:
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd
edilib.
Bİldirilib ki, görüş zamanı, son dövrlərdə Rusiya Federasiyasının
media və informasiya məkanında Azərbaycan Respublikası, Azərbaycan
xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və
təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi
narahatlığı və qəti etirazı Rusiya tərəfinin diqqətinə
çatdırılıb:
"Xüsusilə, 13 avqust 2026-cı il tarixində “Çistota ponimaniya”
layihəsi çərçivəsində yayımlanan verilişdə ölkəmizə, xalqımıza və
Azərbaycan Respublikasının rəhbərliyinə qarşı səsləndirilən
ifadələrə diqqət çəkilib.
Bununla yanaşı, 7 avqust tarixində “Sputnik” radiosunda yayımlanan
proqramda Azərbaycan rəhbərliyinin “Rusiyanın terrorçu və
ekstremistlər siyahısına” daxil edilməsi ilə bağlı səsləndirilən
cəfəngiyyat, 9 avqust tarixində “YouTube” platformasında, 16 avqust
tarixində isə “Spas” telekanalında Azərbaycanın rəhbərliyinə qarşı
yenidən təhqir məzmunlu materialın yayımlanması və təxribatçı
fikirlərin səsləndirilməsi xatırlanıb.
Azərbaycan dövlətinin daxili siyasi proseslərinə müdaxilə
imkanlarının müzakirə edilməsi, Azərbaycan xalqına və Azərbaycan
rəhbərliyinə qarşı fiziki zorakılıq xarakterli çağırışların
səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb.
Azərbaycan tərəfinin dəfələrlə sözügedən fəaliyyətlərin qarşısının
alınmasına dair çağırışlara və məsələnin müxtəlif siyasi
səviyyələrdə müzakirə edilməsimə baxmayaraq, analoji ritorikanın
daha sərt formada davam etməsinin ciddi narahatlıq doğurduğu
bildirilib".
"Görüşdə Rusiyanın informasiya və media məkanında Azərbaycan
əleyhinə təxribat, təhdid və zorakılıq ritorikasına son qoyulması
məqsədilə təxirəsalınmaz və təsirli tədbirlərin görülməsi barədə
gözləntimiz bir daha qarşı tərəfin diqqətinə çatdırılıb", - deyə
məlumatda qeyd olunub.
Xatırladaq ki, avqustun 17-də Azərbaycan Baş Prokurorluğu Rusiya Federasiyasının üç vətəndaşı – jurnalist İvan Knyazev, siyasi məsləhətçi və media eksperti kimi təqdim olunan Semyon Uralov və Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev barəsində cinayət işi çərçivəsində axtarış elan edilməsi ilə bağlı məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə bağlı başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
