Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 596 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilib.
Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilib.
Məlumata görə, bu sayda elektromobillərin idxalının dəyəri 15,475 milyon ABŞ dolları olub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 584 ədəd və ya 2 dəfə, dəyər ifadəsi ilə isə 22,7 milyon ABŞ dolları və ya 2,5 dəfə azdır.
Ümumilikdə, bu ilin yanvar-iyul aylarında Azərbaycana 807,4 milyon ABŞ dolları dəyərində 41 105 ədəd avtomobil idxal edilib. Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 22 296 ədəd və ya 35,2%, dəyər ifadəsi ilə 363,6 milyon ABŞ dolları, yaxud da 31% azalıb.
Dövr ərzində ölkəyə 63,709 milyon ABŞ dolları dəyərində 428 ədəd sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 660,018 milyon ABŞ dolları dəyərində 36 169 ədəd əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib.
