Azərbaycan yeddi ayda elektrik enerjisi ixracından 16 milyon dollara yaxın gəlir əldə edib

Energetika Materials 17 Avqust 2026 11:09 (UTC +04:00)
Azərbaycan yeddi ayda elektrik enerjisi ixracından 16 milyon dollara yaxın gəlir əldə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 298,323 milyon kilovat-saat elektrik enerjisi ixrac edilib.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, hesabat dövründə Azərbaycanın elektrik enerjisinin ixracından əldə olunan gəliri 15,693 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin ixracı həcm ifadəsində 439,1 milyon kilovat-saat və ya 2,5 dəfə, dəyər ifadəsində isə 25,916 milyon ABŞ dolları və ya 2,6 dəfə azalıb.

Hesabat dövründə elektrik enerjisi ixracının qeyri-neft sektoru ixracındakı payı 0,26 faiz təşkil edib.

Azərbaycan elektrik enerjisi istehsalının artırılması və enerji sisteminin şaxələndirilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Xüsusilə bərpa olunan enerji mənbələrinin inkişafı dövlətin enerji strategiyasının əsas prioritetlərindən biridir. Hazırda ölkədə BP, Masdar, ACWA Power, China Gezhouba Group Overseas Investment, SOCAR Green və digər tərəfdaşlarla günəş və külək elektrik stansiyalarının tikintisi üzrə iri investisiya layihələri icra olunur. Bu layihələrin reallaşdırılması nəticəsində yaxın illərdə Azərbaycanın enerji balansına minlərlə meqavat yeni istehsal gücü əlavə olunacaq ki, bu da təbii qaza daxili tələbatı azaldaraq daha çox qazın ixracına imkan verəcək.

Energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, bu layihələrin nəticəsində 2035-ci ilədək Azərbaycanın enerji balansında bərpa olunan enerji mənbələrinin payının təxminən 43 faizə çatdırılması nəzərdə tutulur.

Nazir bildirib ki, Azərbaycan Mərkəzi Asiya ilə qonşu regionlar arasında yeni enerji və investisiya platformasının formalaşdırılması istiqamətində strateji layihələr həyata keçirir. Onun sözlərinə görə, əsas təşəbbüslərdən biri Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi layihəsidir. "Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında elektrik sistemlərini birləşdirəcək Transxəzər enerji dəhlizinin yaradılması ölkələrimizin strateji baxışının tərkib hissəsidir. Bu layihə Xəzər dənizi vasitəsilə Avropa, Asiya və Çin arasında yaşıl enerji körpüsü rolunu oynayacaq Orta Dəhlizin inkişafı üçün də geniş imkanlar yaradır", – deyə Pərviz Şahbazov vurğulayıb.

Nazirin sözlərinə görə, Bakı şəhərində yerləşən "Green Corridor Alliance" birgə müəssisəsi artıq fəaliyyət göstərir və Asiya İnkişaf Bankı ilə Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyələşdirdiyi texniki-iqtisadi əsaslandırma işlərini əlaqələndirir. Bununla yanaşı, "Xəzər–Qara dəniz–Avropa" Yaşıl Enerji Dəhlizi, Azərbaycan–Türkiyə–Avropa və Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan enerji interkonnektorları üzrə də intensiv işlər davam etdirilir. Pərviz Şahbazov bildirib ki, "yaşıl enerji dəhlizləri gələcəyin geoiqtisadi xəritəsini formalaşdırır" və bu təşəbbüslər yalnız enerji ixracını deyil, həm də rəqəmsal bağlantıların, fiber-optik infrastrukturun və regional iqtisadi əməkdaşlığın inkişafını stimullaşdıracaq.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev isə Trend-ə eksklüziv müsahibəsində bildirib ki, ölkə Avropa və Mərkəzi Asiya arasında yaşıl enerji körpüsünün formalaşmasında getdikcə daha mühüm rol oynayır.

"Azərbaycan artıq yalnız enerji resurslarının ixracatçısı deyil, həm də regional enerji bağlantılarının və yaşıl enerji dəhlizlərinin təşəbbüskarlarından biridir. Hazırda həyata keçirilən külək və günəş enerjisi layihələri ölkənin enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, elektrik enerjisinin ixrac imkanlarını da əhəmiyyətli dərəcədə artıracaq", – deyə Cavid Abdullayev vurğulayıb.

Onun sözlərinə görə, Xəzər dənizinin böyük külək potensialı, yeni elektrik ötürücü xətlərin yaradılması və "Xəzər–Qara dəniz–Avropa" yaşıl enerji dəhlizi kimi təşəbbüslər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da gücləndirəcək. "Yaşıl enerji layihələri ölkəyə əlavə ixrac gəlirləri qazandırmaqla yanaşı, daxili enerji balansının optimallaşdırılmasına, təbii qaz sərfiyyatının azalmasına və daha çox qazın xarici bazarlara yönəldilməsinə imkan yaradacaq", – deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti