Bakı. Trend:
Azərbaycan ABŞ Dövlət Departamentinin fiskal şəffaflıq tələblərinə cavab verir.
Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Səfirlik məlumatda qeyd edib ki, Dövlət Departamentinin fiskal şəffaflıq hesabatında Azərbaycanın müvafiq tələblərə cavab verdiyi öz əksini tapıb.
“Fiskal şəffaflıq etimadı artırır, hesabatlılığı gücləndirir və investisiyaların cəlb olunmasına şərait yaradır. Təbrik edirik, Azərbaycan!”- səfirlik qeyd edib.
Hesabata əsasən, ABŞ Dövlət Departamenti 2025-ci il ərzində 139 ölkə və Fələstin Administrasiyasının fiskal şəffaflıq göstəricilərini qiymətləndirib. Nəticədə 73 hökumətin minimum fiskal şəffaflıq tələblərinə cavab verdiyi, 67 hökumətin isə bu tələbləri qarşılamadığı müəyyənləşdirilib. Tələblərə cavab verməyən ölkələrdən 14-nün hesabat dövründə əhəmiyyətli irəliləyiş əldə etdiyi bildirilib.
Azərbaycan minimum fiskal şəffaflıq tələblərinə cavab verən ölkələr sırasında yer alıb.
ABŞ Dövlət Departamentinin qiymətləndirməsində dövlət büdcəsi sənədlərinin ictimaiyyət üçün əlçatanlığı, büdcə gəlir və xərclərinin açıqlanması, dövlət borcu barədə məlumatların dərc edilməsi, dövlət audit qurumlarının müstəqilliyi və maliyyə hesabatlarının yoxlanılması kimi meyarlar nəzərə alınıb.
Həmçinin təbii ehtiyatların hasilatı ilə bağlı müqavilə və lisenziyalaşdırma prosedurlarının, eləcə də dövlət satınalmaları üzrə müqavilələrin ictimaiyyətə açıqlanması qiymətləndirmənin əsas meyarları arasında olub.
Hesabatda qeyd edilir ki, fiskal şəffaflıq səmərəli dövlət maliyyə idarəçiliyinin mühüm elementidir, bazarlarda etimadın formalaşmasına və iqtisadi dayanıqlılığın təmin edilməsinə xidmət edir. ABŞ Dövlət Departamentinin fikrincə, şəffaf büdcə və satınalma prosesləri korrupsiya və ədalətsiz təcrübə risklərini azaltmaqla yanaşı, biznes üçün daha əlverişli mühit yaradır.
Azərbaycanla yanaşı, siyahıda Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Ermənistan, Gürcüstan, Cənubi Afrika, Sinqapur, Hindistan və digər ölkələr də fiskal şəffaflıq üzrə minimum tələblərə cavab verən dövlətlər kimi göstərilib.
Hesabatda Angola, Konqo Demokratik Respublikası, Konqo Respublikası, Kamerun, Mərkəzi Afrika Respublikası, Çad, Efiopiya, Qabon, Nigeriya, Mozambik, Tanzaniya, Toqo, Zambiya və Zimbabve daxil olmaqla bir sıra Afrika ölkələrinin isə minimum tələblərə cavab vermədiyi qeyd olunub.
