Bakı.Trend:
Gələn il “Gələcəyin Oyunları”na ev sahibliyi etmək üçün Braziliya, Özbəkistan və Azərbaycan namizəd ola bilər.
Bu barədə Qazaxıstanın Turizm və İdman nazirinin müavini Serik Jarasbayev TASS-a bildirib.
O deyib ki, Qazaxıstan bu il Astanada keçirilən turnirin təşkilində əldə etdiyi təcrübəni bölüşməyə və növbəti oyunlara ev sahibliyi etmək istəyən istənilən namizədi dəstəkləməyə hazırdır.
“Növbəti oyunları keçirməyə hazır olan ehtimal olunan namizəd Braziliyadır, digər potensial namizədlərdən isə Özbəkistandır. Azərbaycan haqqında da eşitmişəm”, – deyə o, növbəti turnirin keçiriləcəyi yer barədə suala cavabında bildirib.
Nazir müavininin sözlərinə görə, namizədlərlə bağlı daha konkret məlumat Astanada başa çatan “Gələcəyin Oyunları”nın yekun nəticələri elan edildikdən sonra açıqlanacaq. Bununla yanaşı, Jarasbayev Qazaxıstanın istənilən namizədi dəstəkləyəcəyini bildirib.
Qeyd edək ki, “Gələcəyin Oyunları” iyulun 29-dan avqustun 9-dək Astanada keçirilib. Qazaxıstanın turizm və idman nazirliyinin məlumatına görə, yarışların yayımına 453 milyondan çox baxış olub, bundan başqa 29 min tamaşaçı turnirin oyunlarını izləmək üçün Qazaxıstanın paytaxtındakı stadionlara gəlib.
