Sumqayıtda 27,5 milyon manatlıq qida müəssisəsi yaradılır

İqtisadiyyat Materials 14 Avqust 2026 10:51 (UTC +04:00)
Sumqayıtda 27,5 milyon manatlıq qida müəssisəsi yaradılır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt Sənaye Parkında qida sənayesi üzrə müəssisə fəaliyyətə başlayacaq.

Bu barədə qtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.

Belə ki, “Bimbo QSR Azərbaycan” MMC-yə agentliyin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.

İnvestisiya dəyəri 27,5 milyon manat olan layihə çərçivəsində burger və hot-doq üçün bulka istehsalı həyata keçiriləcək. Müəssisənin illik istehsal gücü 150 milyon ədəd təşkil edəcək. Layihə çərçivəsində 100-dən çox yeni iş yerinin yaradılması planlaşdırılır. İstehsal prosesində yerli xammaldan istifadə olunacaq. Müəssisədə istehsal ediləcək məhsulların daxili bazarla yanaşı, region ölkələrinə ixracı da nəzərdə tutulur.

Sumqayıt Sənaye Parkında bu günədək ümumi investisiya həcmi 6,8 milyard manatdan artıq olan 43 sahibkarlıq subyektinə rezident statusu verilib. Rezidentlər tərəfindən 5,6 milyard manatdan çox investisiya yatırılıb, 6400-dən artıq iş yeri yaradılıb.

Sumqayıt Sənaye Parkı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 21 dekabr 2011-ci il tarixli 548 nömrəli Fərmanı ilə yaradılıb. Parkın yaradılmasında əsas məqsəd ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün əlverişli şərait formalaşdırmaq, sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun dayanıqlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır.

Hazırda Sumqayıt Sənaye Parkının ümumi ərazisi 640 hektar təşkil edir. Parkda həyata keçirilən layihələr üzrə ümumi investisiya həcmi 3,94 milyard ABŞ dollarına çatır və burada 6 134 daimi iş yerinin yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun ötən il üzrə fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında Sumqayıt Sənaye Parkının hazırda Cənubi Qafqazın ən böyük sənaye parkı olduğunu və burada 40 rezidentin fəaliyyət göstərdiyini bildirib.

"2025-ci ildə Sumqayıt Sənaye Parkında 2,2 milyard manatlıq məhsul satışı həyata keçirilib. Bunun 1,1 milyard manatı ixracın payına düşüb. Bu göstəricilər parkın ölkənin sənaye istehsalında və qeyri-neft ixracında aparıcı rol oynadığını bir daha təsdiqləyir", - deyə o qeyd edib.

Seymur Adıgözəlov həmçinin qeyd edib ki, ümumilikdə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə etdiyi sənaye zonaları ölkənin sənaye potensialının gücləndirilməsində mühüm rol oynayır. Onun sözlərinə görə, 2025-ci ilin sonuna qədər sənaye zonalarında 138 rezident və 13 qeyri-rezident qeydiyyata alınıb. Ümumi investisiya portfeli 8,7 milyard manatdan artıq olan layihələr üzrə sahibkarlar tərəfindən 7 milyard manat həcmində faktiki sərmayə yatırılıb.

"Hazırda sənaye zonalarında 82 müəssisə fəaliyyət göstərir və 9 700-dən çox daimi iş yeri yaradılıb. 2015-2025-ci illərdə sənaye zonalarında ümumi dəyəri 19 milyard manatdan artıq məhsul istehsal olunaraq satılıb ki, bunun da 6 milyard manatdan çoxu ixrac edilib. Bu nəticələr sənaye zonalarının artıq dayanıqlı istehsal və ixracyönümlü sənaye ekosisteminə çevrildiyini göstərir", - deyə İZİA sədri vurğulayıb.

O əlavə edib ki, iqtisadi zonalar xarici investorlar üçün də getdikcə daha cəlbedici olur. Belə ki, 2016-cı ildə sənaye zonalarına cəlb edilən xarici investisiyaların həcmi cəmi 10,4 milyon manat olduğu halda, təkcə 2025-ci ildə bu göstərici 87,9 milyon manata yüksəlib. Onun sözlərinə görə, bu dinamika Azərbaycanın sənaye zonalarına beynəlxalq investorların marağının davamlı şəkildə artdığını nümayiş etdirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti