Pakistan regional sülhə və dialoqa dəstək olmağa davam edəcək - Prezident Zərdari (FOTO)

Dünya xəbərləri Materials 14 Avqust 2026 10:49 (UTC +04:00)
Pakistan regional sülhə və dialoqa dəstək olmağa davam edəcək - Prezident Zərdari (FOTO)
Nilcan Baxşəliyeva
Nilcan Baxşəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Pakistan regional sülhü və dialoqu dəstəkləməyə davam edəcək, iqtisadi inkişafa, institusional islahatlara və gənclərin imkanlarının genişləndirilməsinə xüsusi diqqət yetirəcək.

Trend-in müxbiri xəbər verir ki, bu barədə Pakistan Prezidenti Asif Əli Zərdarinin Bakıda Pakistanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə ölkənin Azərbaycandakı səfiri Qasim Mohiuddinin oxuduğu müraciətində bildirilib.

Zərdari müraciətində ölkənin qurucusu Məhəmməd Əli Cinnanın, eləcə də Pakistanın yaradılması uğrunda mübarizədə evlərini, təhlükəsizliklərini və dolanışıq vasitələrini qurban verən hər kəsin xatirəsini yad edib.

“Müstəqillik yalnız tarixi nailiyyət deyil. Bu, həm də hər bir nəslin üzərinə düşən və gələcək nəsillərə ötürməli olduğu məsuliyyətdir”, - deyə müraciətdə qeyd olunur.

Zərdarinin sözlərinə görə, son hadisələr Pakistan xalqının gücünü, həmçinin ölkənin öz suverenliyini və milli maraqlarını qorumaq əzmini və bacarığını nümayiş etdirib. O vurğulayıb ki, güc həmçinin münaqişələrin qarşısının alınması, sülhün qorunması və əhalinin maraqlarının müdafiəsi məsuliyyətini nəzərdə tutur.

Prezident Pakistanın regionda dialoqun təşviqindəki rolunu qeyd edərək bildirib ki, ölkə dialoqu və gərginliyin azaldılmasını təşviq etmək üçün kommunikasiya kanallarından, coğrafi mövqeyindən və diplomatik potensialından istifadə edir.

“Pakistan gərginliyin azaldılmasına, regional sabitliyin təmin edilməsinə və əməkdaşlıq üçün şəraitin yaradılmasına yönəlmiş səyləri dəstəkləməyə davam edəcək”, - deyə müraciətdə bildirilir.

Zərdari həmçinin Pakistan iqtisadiyyatının gücləndirilməsinin, yeni imkanların yaradılmasının, təhsilin və peşə bacarıqlarının təkmilləşdirilməsinin, eləcə də dövlət idarəçiliyi, iqtisadiyyat və sosial siyasət sahələrində islahatların həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

“Pakistanın əsas qüvvəsi onun gəncləridir”, - deyə müraciətdə qeyd olunur. Bununla əlaqədar Prezident gənc nəslin öz potensialını reallaşdırması üçün onlara təhsil, bacarıq və imkanların yaradılmasının vacibliyini vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti