Bakı. Trend:
Martın 23-də Parma şəhərində oğurlanmış üç rəsm əsəri beş aylıq axtarışlardan sonra tapılıb.
Bu barədə avqustun 14-də İtaliya karabinyerləri məlumat veriblər.
Tapılan əsərlər arasında Pol Sezanın təxminən 6 milyon avro dəyərində qiymətləndirilən "Albalı ilə fincan və boşqab" tablosu, Ogüst Renuarın təxminən 3 milyon avro dəyərində qiymətləndirilən "Balıqlar" əsəri və Anri Matisin təxminən 20 min avro dəyərində qiymətləndirilən "Terrasdakı odalisk" tablosu var.
Bu üç əsər Parma bölgəsində yerləşən Manyani-Rokka Fondu Muzeyindən oğurlanmışdı.
Karabinyerlərin yayımladığı müşahidə kamerası görüntülərində iki nəfərin pəncərədən muzeyə daxil olduğu, sürətlə zala keçərək üç tablonu divardan götürdüyü və onları kameraya görünməyən üçüncü şəxsə ötürdüyü əks olunub. Bütün əməliyyat bir dəqiqədən də az vaxt aparıb.
Qeyd edək ki, İtaliyada ən səs-küylü sənət oğurluqlarından biri Karavacconun "Müqəddəs Fransisk və Müqəddəs Lavrenti ilə İsa Məsihin Doğumu" əsərinin 1969-cu ildə Palermodakı San Lorenso oratoriyasından oğurlanması hesab olunur. Həmin tablo indiyədək axtarışdadır.
