Bakı. Trend:
Fransada iyulun 1-dən etibarən meşə yanğınları ilə bağlı 474 nəfər, o cümlədən 183 yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.
Bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, saxlanılanların təxminən 70 faizi yanğınları qəsdən törətməkdə, digərləri isə ehtiyatsızlıqdan yanğınlara səbəb olmaqda şübhəli bilinirlər.
Qeyd edək ki, Fransanın cənub-qərbindəki Landes bölgəsində yeni meşə yanğını 24 saatdan az müddətdə təxminən 1 100 hektar quru şam meşəsini əhatə edib. Yanğın səbəbindən 525-dən çox insan Luglon kəndindən təxliyə olunub. Alovun söndürülməsinə 500 yanğınsöndürən və altı suatan təyyarə cəlb edilib.
Fransadakı meşə yanğınları ilə yanaşı, Almaniya, Xorvatiya, İspaniya, Yunanıstan və Böyük Britaniyada da güclü yanğınlar qeydə alınıb.
Xorvatiyanın Dalmatiya sahilindəki Lokva Roqoznitsa şəhərində yanğın təxminən 1 000 nəfərin təxliyəsinə səbəb olub, bir nəfər ölüb, 36 nəfər tibbi yardım alıb. Onlardan 14-ü xəstəxanaya yerləşdirilib.
İspaniyanın Uelva əyalətində 31 min hektar ərazi yanıb, təxminən 700 nəfər təxliyə edilib. Almaniyanın qərbində isə 2 000-dən çox insan yanğın səbəbindən evlərini tərk edib.
Yunanıstanın Halkidiki yarımadasında meşə yanğını səbəbindən təxminən 500 turist çimərliklərdən təxliyə olunub. Böyük Britaniyanın Qərbi Midlends bölgəsində isə yanğın nəticəsində bir neçə ev tamamilə yanıb.
