Azərbaycandan Türkiyəyə altı ayda 1,3 milyard dollarlıq təbii qaz ixrac edilib

Energetika Materials 14 Avqust 2026 10:56 (UTC +04:00)
Azərbaycandan Türkiyəyə altı ayda 1,3 milyard dollarlıq təbii qaz ixrac edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə 1,262 milyard ABŞ dolları dəyərində 4,847 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.

Ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə Azərbaycandan sözügedən ölkəyə təbii qaz (qaz halında) ixracı dəyər ifadəsində 97,9 milyon ABŞ dolları və ya 7,2%, həcm ifadəsində isə 82,2 milyon kubmetr və ya 1,7% azalıb.

Ümumilikdə isə 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycandan 8 ölkəyə 4,105 milyard ABŞ dolları dəyərində 12,431 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 436,466 milyon ABŞ dolları və ya 9,6% az, həcm baxımından isə 65,848 milyon kubmetr və ya 0,5% çoxdur.

Bundan başqa, 2026-cı ilin ilk altı ayında Azərbaycan cəmisi bir ölkədən – İran İslam Respublikasından 13,001 milyon ABŞ dolları dəyərində 193,187 milyon kubmetr təbii qaz (qaz halında) idxal edib. Ötən ilin eyni dövründə isə Azərbaycan iki ölkədən – Rusiya və Türkmənistandan 31,980 milyon ABŞ dolları dəyərində 208,246 milyon kubmetr təbii qaz idxal etmişdi. Beləliklə, Azərbaycana təbii qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 18,979 milyon ABŞ dolları və ya 59,3%, həcm baxımından isə 12,059 milyon kubmetr və yaxud 5,9% azalıb.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci Nazirlər Görüşü və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü Nazirlər Görüşü çərçivəsində Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Zəfər Dəmircan Trend-ə verdiyi müsahibədə bildirib ki, Azərbaycan və Türkiyə bir sıra iri regional və beynəlxalq layihələr həyata keçirərək enerji sektorunda əməkdaşlığı uğurla inkişaf etdirməyə davam edir.

"Əməkdaşlığa, xüsusən də enerji sektorunda prioritet diqqət yetirilməlidir. Regional əməkdaşlığın bu cür modelləri ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində uğurlu və nümunəvi hesab edilə bilər. Bugünkü görüşdə bir çox ölkənin nümayəndələri qarşılıqlı əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparacaq və birgə həyata keçirilə biləcək layihələri müzakirə edəcəklər", - deyə o qeyd edib.

Z. Dəmircan vurğulayıb ki, Türkiyə bu cür regional layihələrdə fəal və effektiv şəkildə iştirak etmək niyyətindədir.

Nazir müavini bildirib ki, "Bu iştirak yalnız qaz sektoru ilə məhdudlaşmayacaq; Türkiyə gələcəkdə regional elektrik enerjisi layihələrində də mühüm rol oynayacaq. Azərbaycan və Türkiyə artıq çoxsaylı irimiqyaslı layihələri birgə hazırlayıb və uğurla həyata keçiriblər. Bu əməkdaşlıq davam edir və gələcəkdə yeni layihələr həyata keçiriləcək. Mövcud təcrübəmiz və zəngin bilik bazamız yeni təşəbbüslər üçün möhkəm təməl yaradır. İnanırıq ki, Azərbaycan və Türkiyənin iştirak etdiyi bütün regional və beynəlxalq layihələr uğurlu olacaq. Qaz sektorunda əməkdaşlıqda qazanılan təcrübə bərpa olunan enerji sahəsində yeni mərhələdə tətbiq oluna bilər".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti