Bakı. Trend:
Yunanıstanın Kassandra yarımadasındakı Siviri ərazisində güclü meşə yanğını baş verib. Qabaqlayıcı tədbir olaraq yerli çimərliklərdən 347-dən çox insan dəniz yolu ilə təhlükəsiz yerlərə təxliyə edilib, 2 yanğınsöndürən isə xəstəxanaya yerləşdirilib.
Bu barədə "Skai" televiziya kanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, 155 yanğınsöndürən, 57 texnika, 4 piyada dəstə, həmçinin 9 təyyarə və 7 helikopter Xalkidiki yarımadasının tərkibinə daxil olan üç yarımadadan ən qərbdə yerləşən Kassandrada günortadan sonra başlayan güclü yanğının söndürülməsinə cəlb olunub. Yanğın cəbhəsi bir neçə kilometr məsafədə uzanır. Yanğından mühafizə xidmətinin katerləri və özəl qayıqlarla yerli çimərliklərdən, eləcə də bəzi qəsəbələrdən 347-dən çox insan dəniz yolu ilə təhlükəsiz ərazilərə aparılıb.
Həmçinin bir otel təxliyə olunub, bəzi yerli yollar nəqliyyatın hərəkəti üçün bağlayıb. İki yanğınsöndürən təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb: onların biri səhhətinin pisləşməsi, digəri isə aşağı ətrafın zədələnməsi (ayaq xəsarəti) səbəbindən.