Bakı.Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycan və Çexiya arasında ticarət əməliyyatlarının həcmi 529,7 milyon ABŞ dolları təşkil edib.
Trend-in Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 44,8 milyon ABŞ dolları və ya 9,2 faiz çoxdur.
Hesabat dövrü ərzində Çexiyanın Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 2,15 faiz təşkil edib. Beləliklə, Çexiya Azərbaycanın ən fəal ticarət əməliyyatları həyata keçirdiyi ölkələr arasında səkkizinci yeri tutub.
Cari ilin yanvar-iyun aylarında Azərbaycanın Çexiyaya ixracının həcmi 499 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49 milyon ABŞ dolları və ya təxminən 10,9 faiz çoxdur. Hesabat dövründə Azərbaycan Çexiyadan 30,7 milyon ABŞ dolları dəyərində məhsul idxal edib. Bu göstərici 2025-ci ilin yanvar-iyun aylarındakı göstəricidən 3,5 milyon ABŞ dolları və ya 10,2 faiz azdır.
İki ölkə arasında ticarət dövriyyəsinin artımı, ilk növbədə, Azərbaycan-Çexiya iqtisadi əlaqələrinin əsas istiqamətlərindən biri olan energetika sektorunda əməkdaşlığın inkişafı fonunda baş verir.
Xatırladaq ki, bundan əvvəl Çexiyanın Sənaye və Ticarət Nazirliyi Trend-ə müsahibəsində Azərbaycanın Çexiya üçün etibarlı strateji tərəfdaş kimi özünü təsdiqlədiyini bildirmişdi. Nazirlik vurğulamışdı ki, Azərbaycan ölkənin əsas xam neft tədarükçülərindən biridir və Çexiyanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
"Praqa Azərbaycanı Avropanın enerji təchizatının şaxələndirilməsi məsələsində mühüm tərəfdaş hesab edir və energetika sahəsində əməkdaşlığın daha da inkişafını dəstəkləyir. Neft və qaz tədarükünün şaxələndirilməsinin təmin olunması ölkənin enerji siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, Avropa, Xəzər regionu və Mərkəzi Asiya arasında əlaqələndirici körpü rolu onun Çexiya da daxil olmaqla Avropa dövlətləri üçün strateji tərəfdaş kimi əhəmiyyətini daha da artırır", – deyə nazirlikdən bildirilib.
