Bakı. Trend:
2026-cı ilin I yarısında elektron satınalmalar dövlət büdcəsinə 294,3 milyon manat qənaət etdirib.
Trend-in təlimdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (AİBNDA) sədrinin müavini Mirzə Mirzəyev “Dövlət satınalmaları: proses, iştirakçılar və nəzarət mexanizmləri” təlimində çıxışı zamanı deyib.
O bildirib ki, qənaət edilmiş məbləğin ehtimal olunan qiymətdə xüsusi çəkisi 14,7% təşkil edib.
Mirzə Mirzəyevin sözlərinə görə, dövlət satınalmalarında rəqəmsal transformasiya istiqamətində müsbət dinamika müşahidə olunur.
“2025-ci ildə dövlət satınalmalarının ümumi həcmi 2020-ci illə müqayisədə 1,6 dəfə artıb. Ötən il 2020-ci illə müqayisədə elektron satınalmaların sayı 4,3 dəfə, məbləği isə 5,3 dəfə artıb. Elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş vəsaitin ehtimal olunan qiymətdə xüsusi çəkisi isə 17,9% təşkil edib. Bu nəticə elektron satınalma prosedurlarının dövlət büdcəsinə real iqtisadi səmərə verdiyini bir daha təsdiqləyir”, – deyə o qeyd edib.
Sədr müavini vurğulayıb ki, müsbət dinamika cari ildə də davam edir. Belə ki, 2026-cı ilin I yarımili ərzində 3500-ə yaxın elektron satınalma keçirilib və onların ümumi məbləği 1,7 milyard manat təşkil edib. Həmin dövrdə açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,5 olub.
Mirzə Mirzəyev bütün potensial təchizatçıları satınalma proseslərində daha fəal iştirak etməyə çağırıb.
“İştirakçı sayının artması sağlam rəqabəti gücləndirir, sahibkarlar üçün dövlət sifarişlərinə çıxış imkanlarını genişləndirir və dövlət satınalmaları sahəsində müsbət dinamikanın davamlı xarakter almasına töhfə verir”, – deyə o bildirib.
