Bakı. Trend:
ABŞ planlaşdırılan rotasiya çərçivəsində “Abraham Linkoln”un (USS Abraham Lincoln) əvəzlənməsi üçün “George Washington” (USS George Washington) aviadaşıyıcısının Yaxın Şərqə göndərilməsinə hazırlaşır. “Linkoln” 250 gündən çox müddətdə dənizdədir və artıq 200 gündür limanlara daxil olmayıb. Bununla da gəmi fasiləsiz olaraq dənizdə qalma günlərinin sayına görə rekord müəyyənləşdirib.
Bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.
Bildirilir ki, “Linkoln”un dənizdə bu qədər uzun müddət xidmət aparması artıq Konqresdə narahatlığa səbəb olub. Senator Riçard Blumental hərbi nazir Pit Heqsetə və ABŞ Hərbi dəniz qüvvələri nazirinin səlahiyyətlərini icra edən Xun Tszaoya məktub göndərərək, gəmidə xidməti şərait barədə məlumat təqdim etmələrini istəyib.
Konqresmen bildirib ki, gəmidə zəruri əşyaların çatışmazlığı, suyun çirklənməsi, su təchizatı sistemində problemlər, psixi sağlamlıq vəziyyətinin pisləşməsi, göyərtədə təhlükəsizliklə bağlı problemlər və poçt sistemində yaranan nasazlıqlar barədə çoxsaylı məlumatlar daxil olub. Onun sözlərinə görə, bu nasazlıqlar səbəbindən gəmiyə göndərilən bir çox zəruri əşyaların olduğu bağlamalar aylarla yolda qalıb.