Bakı. Trend:
Qazaxıstanın nəqliyyat strategiyası Mərkəzi Asiya, Xəzər regionu və Avropanı birləşdirən marşrutların genişləndirilməsi ilə yanaşı, Azərbaycan üzərindən Pakistanla yeni logistika imkanlarının yaradılmasına şərait yarada bilər.
Bu barədə Ənzəli Azad İqtisadi Zonası Təşkilatının (AFZ - Anzali Free Zone) Bazar İnkişafı direktoru Hüseyn N. Faşxami sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Qazaxıstan əlaqələndirilmiş nəqliyyat şəbəkələrinin iqtisadi əhəmiyyətini nümayiş etdirir: “Dünyanın dənizə çıxışı olmayan ən böyük ölkəsi olmasına baxmayaraq, Qazaxıstan Avrasiyanın əsas tranzit qovşaqlarından birinə çevrilmək üçün dəmir yollarına, avtomobil yollarına, Xəzər dənizindəki limanlara, sərhəd terminallarına, logistika mərkəzlərinə və rəqəmsal nəqliyyat sistemlərinə böyük investisiyalar yatırıb.
Son yeddi ildə Qazaxıstanın nəqliyyat infrastrukturuna təxminən 35 milyard ABŞ dolları investisiya yönəldilib. Hazırda Çin, Mərkəzi Asiya, Xəzər regionu və Avropa istiqamətlərində nəqliyyat imkanlarının genişləndirilməsinə yönəlmiş yeni layihələr həyata keçirilir”.
Hüseyn N. Faşxami vurğulayıb ki, bu, Pakistan üçün də əhəmiyyətlidir: “Qazaxıstan dənizə çıxışının olmamasının yaratdığı məhdudiyyətləri aradan qaldırmaq üçün investisiya yatırdığı halda, Pakistan Qazaxıstanın ən çox ehtiyac duyduğu üstünlüyə — Ərəb dənizinə birbaşa çıxışa malikdir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin 2026-cı ilin fevralında Pakistana dövlət səfəri iki ölkə arasında daha dərin əməkdaşlıq üçün strateji imkanları diqqətə çatdırıb.
Qazaxıstan ayrı-ayrı layihələrdən daha çox, nəqliyyat dəhlizləri formalaşdırır. Ölkənin 2030-cu ilədək nəqliyyat və logistika potensialının inkişafı konsepsiyası avtomobil, dəmir yolu, dəniz və hava nəqliyyatının paralel şəkildə inkişaf etdirilməsini, transsərhəd logistika mərkəzlərinin yaradılmasını, nəqliyyat parkının yenilənməsini və tranzit zamanı qeyri-fiziki maneələrin azaldılmasını nəzərdə tutur”.
Mütəxəssis qeyd edib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təhlilləri də Qazaxıstanın strateji mövqeyini vurğulayır. Ölkənin Çinlə sərhədi, Xəzərdə Aktau və Kurık limanları və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (Orta Dəhliz) mərkəzi rolu var: “Orta Dəhliz Çin → Qazaxıstan → Xəzər dənizi → Azərbaycan → Gürcüstan → Türkiyə/Qara dəniz → Avropa marşrutu üzrə uzanır.
Yükdaşıyıcıların daha dayanıqlı və şaxələndirilmiş Avrasiya marşrutlarına üstünlük verməsi fonunda bu dəhliz üzrə yükdaşımaların həcmi sürətlə artıb. Xəzər üzərindən Çin-Avropa marşrutu üzrə daşınan yüklərin həcmi 2022-ci ildə 1,5 milyon tondan az olduğu halda, 2024-cü ildə 3,3 milyon tondan çox təşkil edib.
Qazaxıstan 2030-cu ilədək tranzit yükdaşımalarının həcmini 74 milyon tona çatdırmağı hədəfləyir və tələbat tam formalaşmadan əvvəl nəqliyyat imkanlarını genişləndirir.
Bu strategiyanın əsasını bir sıra dəmir yolu layihələri təşkil edir. Bunlara Dostık–Moyıntı xəttində ikinci yolun çəkilməsi və buraxılış qabiliyyətinin artırılması, Çinə əlavə çıxış yaradacaq təxminən 300 kilometrlik Baxtı–Ayagoz dəmir yolu xətti, eləcə də yükdaşımalarında yaranan maneələri aradan qaldırmaq məqsədilə Almatı ətrafından keçən dəmir yolu xəttinin inkişafı daxildir”.
Hüseyn N. Faşxami nin fikrincə, Pakistan üçün bu strategiya bir sıra praktiki imkanlar yaradır:
Tranzit tərəfdaşlığı: Avrasiya üzrə yük axınlarının bir hissəsini cəlb etmək üçün liman və daxili logistika imkanlarının əlaqələndirilməsi;
Dəhlizlərin inteqrasiyası: Pakistanın dəniz çıxışının Mərkəzi Asiyanın quru nəqliyyat marşrutları ilə birləşdirilməsi və daha sürətli, şaxələndirilmiş ticarət yollarının yaradılması;
Birgə investisiyalar: Tranzit müddətinin və xərclərinin azaldılması üçün multimodal logistika mərkəzlərinin, gömrük prosedurlarının sadələşdirilməsi mexanizmlərinin və rəqəmsal yük izləmə sistemlərinin birgə inkişaf etdirilməsi.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.
Əlavə edək ki, Ənzəli Azad Ticarət-Sənaye Zonası İranın Gilan vilayətində, Xəzər dənizinin cənub sahilində yerləşən iqtisadi və logistika mərkəzidir. 2005-ci ildən fəaliyyət göstərən zona təxminən 2 300 hektar ərazini və 40 km sahil xəttini əhatə edir. Ənzəli və Xəzər limanlarına, avtomobil, dəmir və hava yollarına çıxışı, eləcə də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzərində yerləşməsi zonanın tranzit və ticarət imkanlarını artırır. Burada sənaye, logistika, turizm, ixrac və təkrar ixrac sahələrində investisiya imkanları mövcuddur.
