Bakı. Trend:
Azərbaycanda maliyyə texnologiyalarının inkişafı müzakirə edilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Belə ki, Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov Azərbaycan
Fintex Assosiasiyasının (AzFina) nümayəndələri ilə görüş
keçirib.
Görüş çərçivəsində 2026-cı ilin ikinci rübündə maliyyə
texnologiyaları və ödəniş sahəsində əldə olunan nəticələr, eləcə də
ekosistemdə formalaşan başlıca meyillər və gələcək inkişaf
istiqamətləri müzakirə olunub. Bununla yanaşı, kriptoaktivlər və
kriptoaktiv xidməti təminatçılarının fəaliyyətini əhatə edən
kompleks tənzimləmə çərçivəsinin tətbiqi, habelə bu sahədə müvafiq
normativ xarakterli aktların hazırlanması istiqamətində görüləcək
işlər diqqət mərkəzində olub.
Görüşdə həmçinin növbəti mərhələdə sektor üçün müəyyənləşdirilən
başlıca strateji hədəflər, eləcə də fırıldaqçılıq və qeyri-qanuni
əməliyyatların qarşısının alınması məqsədilə nəzarət alətlərinin
təkmilləşdirilməsinə yönəlmiş təşəbbüslər ətrafında fikir
mübadiləsi aparılıb.
Qeyd edək ki, maliyyə texnologiyalarının inkişafı Azərbaycanda ödəniş vərdişlərinin də dəyişməsinə səbəb olub.
Azərbaycan Mərkəzi Bankı sədrinin müavini Vüsal Xəlilov iyulun 15-də “Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma” mövzusunda keçirilən dəyirmi masada bildirib ki, rəqəmsal kanallar artıq maliyyə sektorunda əsas xidmət platformasına çevrilib.
“Azərbaycanda rəqəmsal kanallar artıq maliyyə sektorunda əsas xidmət platformasına çevrilib və vətəndaşlarla biznesin maliyyə davranışında ciddi dəyişiklik yaradıb”, - deyə o bildirib.
AMB sədrinin müavininin sözlərinə görə, son illərdə kart əməliyyatlarında nağdsız ödənişlərin payı 17,8 faizdən 69,7 faizə yüksəlib. Ani ödənişlər sistemində əməliyyatların həcmi isə 2025-ci ilin əvvəlindəki 87 milyon manatdan 940 milyon manata çatıb.
“Bu göstəricilər təkcə texnologiyaların tətbiqini deyil, həm də vətəndaşların və biznes subyektlərinin maliyyə davranışının dəyişdiyini göstərir”, - deyə V.Xəlilov qeyd edib.
O bildirib ki, maliyyə sektorunda süni intellekt texnologiyalarından kredit skorinqi, risklərin qiymətləndirilməsi və məhsulların fərdiləşdirilmiş şəkildə təklif olunması üçün istifadə edilir. Hazırda böyük dil modellərinin (LLM) tətbiqi istiqamətində də işlər davam etdirilir.
V.Xəlilovun sözlərinə görə, AMB-nin strategiyası vətəndaşlara birbaşa çoxsaylı xidmətlər göstərməkdən daha çox, özəl sektorun innovativ maliyyə məhsulları yaratması üçün əlverişli şərait formalaşdırmağa yönəlib.
Bu çərçivədə açıq API yanaşmasının inkişaf etdirilməsi, bazar iştirakçıları üçün yeni imkanların yaradılması, nəzarət mexanizmlərinin rəqəmsallaşdırılması və süni intellekt əsaslı nəzarət alətlərinin tətbiqi prioritet istiqamətlər sırasındadır.
O, həmçinin maliyyə sektorunun gələcək inkişafı üçün risk əsaslı tənzimləmənin, innovativ məhsulların sınaqdan keçirilməsinə imkan verən xüsusi hüquqi rejimlərin, dövlət məlumat bazalarına çıxışın genişləndirilməsinin və bulud infrastrukturunun inkişafının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
