"Toxumçuluq haqqında" qanun təsdiqlənib

Siyasət Materials 13 Avqust 2026 16:03 (UTC +04:00)
"Toxumçuluq haqqında" qanun təsdiqlənib
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev "Toxumçuluq haqqında" qanunu təsdiqləyib.

Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.

Qanun müasir dövrün tələbləri, yeni iqtisadi, nəzarət və dəstək mexanizmlərinin tətbiqi, habelə kənd təsərrüfatı sahəsində aparılan islahatların dərinləşdirilməsi zərurəti nəzərə alınmaqla sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsini hədəfləyir.

Qanuna toxumçuluq fəaliyyəti ilə bağlı bir sıra yeni anlayışlar daxil edilib, mövcud anlayışlar mahiyyətinə uyğun olaraq dəqiqləşdirilir.

Toxumçuluğun məqsəd və prinsipləri ətraflı şəkildə müəyyən edilib, sahənin obyektlərinin və subyektlərinin dairəsi dəqiqləşdirilib. Eyni zamanda, qanunda toxumun keyfiyyətinə nəzarət və sertifikatlaşdırmanın beynəlxalq təcrübəyə uyğunlaşdırılması nəzərdə tutulur, toxum müfəttişlərinin səlahiyyət və vəzifələri, toxumların emalı, utilizasiyası, məhv edilməsi, qablaşdırılması və etiketləşdirilməsi prosesləri dəqiq müəyyən edilir.

Sənəddə toxumçuluq sahəsində yeni elektron reyestrin yaradılması, toxum əməliyyatçılarının qeydiyyatının rəqəmsal qaydada aparılması, seleksiya nailiyyətləri, toxumluq əkinlər və bağlanmış müqavilələr barədə məlumatların vahid informasiya sistemində toplanması nəzərdə tutulub.

Qanun həm də toxumçuluq sahəsinin iqtisadi əsaslarını yeniləyir. Belə ki, qüvvədə olan qanuna əsasən yüksək nəsilli toxumlar kvota əsasında istehsal edilirdi ki, bu da bazar iqtisadiyyatı şəraitində rəqabəti əngəlləyirdi. Yüksək nəsilli orijinal və elit toxumların istehsalına özəl sektorun cəlb edilməsi bu sahədə rəqabət mühiti yaratmaqla, özəl seleksiya və özəl ilkin toxumçuluğun inkişafına şərait yaradacaq.

Eyni zamanda Prezident İlham Əliyev "Toxumçuluq haqqında" qanunun tətbiqi və bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti, beş ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib ölkə Prezidentinə məlumat verməlidir:

- toxumçuluq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydası;

- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, xarici ticarət tərəfdaşı olan ölkənin toxumçuluq sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycan Respublikasında tətbiq edilən eyni texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması qaydası;

- xidmət haqlarının məbləğləri;

- ölkədə toxumçuluğun vəziyyətinin öyrənilməsi məqsədilə informasiya toplanılmasını, müşahidə, təhlil, qiymətləndirmə və idarəetmənin effektivlik vəziyyətinin proqnozlaşdırılması qaydası;

- toxum müfəttişlərinin vəsiqələrinin təsvirini və nümunəsi;

- toxumçuluq sahəsində risklərin idarə olunması qaydası;

- toxum əməliyyatçılarının Seleksiya və toxumçuluq sahəsində informasiya ehtiyatında qeydiyyata alınması qaydası;

- zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və ləğvi nəticəsində məhv edilən toxumlara və toxumluq əkinlərə görə çəkilən xərclərin kompensasiya məbləğini və ödənilməsi qaydası;

- toxumçuluq haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan və həmin Nazirliyin hesabına köçürülən vəsaitin bölgüsü və ondan istifadə qaydası;

Kənd Təsərrüfatı Nazirliyi isə üç ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib dövlət başçısına məlumat verməlidir:

- toxumların istehsalı, emalı, qablaşdırılması, etiketləşdirilməsi, daşınması, tədarükü, saxlanması, idxalı, ixracı, utilizasiyası, zərərsizləşdirilməsi və məhv edilməsi qaydaları;

- toxumların sortluq və səpin keyfiyyətlərinin müəyyən edilməsi və sertifikatlaşdırılması qaydaları;

- toxumluq əkinlərin tarla nəzarətinin aparılması və tarla müfəttişlərinin fəaliyyətinin təşkili qaydaları;

- sərgilərdə nümayiş etdirilməsi, hüquqi və fiziki şəxslər tərəfindən öz əkinlərində təsərrüfat sınaqlarının aparılması məqsədilə idxal olunan toxumların miqdarı (kütləsi).

Xəbər lenti

Xəbər lenti