Bakı. Trend:
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Dünya İqtisadi Forumunun (DİF) 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsi çərçivəsində milli gündəliklərin formalaşdırılmasına həsr olunmuş onlayn görüşdə iştirak edib.
Bu barədə 4SİM məlumat yayıb.
Məlumata əsasən, görüşdə şəbəkəyə daxil olan mərkəzlərin milli səviyyədə strateji təşəbbüslərin formalaşdırılmasına verdiyi töhfə və bu istiqamətdə uğurlu təcrübələr müzakirə olunub.
F.Cəfərov daha əvvəl Trend-ə müsahibəsində bildirib ki, 4SİM-in
əsas məqsədlərindən biri qlobal texnoloji trendlərlə Azərbaycanın
milli prioritetləri arasında əlaqə yaratmaqdır.
“Artıq dünyada əsas müzakirə mövzusu texnologiyaların olub-olmaması
deyil, onların hansı miqyasda tətbiq edildiyi, necə idarə edildiyi
və iqtisadi dəyərə necə çevrildiyidir. Süni intellektin tətbiqi,
böyük verilənlərin analizi və onun əsasında qərarvermə,
avtomatlaşdırmanın yeni mərhələsi və yaşıl texnologiyalar qlobal
iqtisadi rəqabətin əsas alətlərinə çevrilib”, - deyə o
bildirib.
Onun sözlərinə görə, 2026-cı ildən etibarən 4SİM-in fəaliyyət
prioritetləri rəqəmsal iqtisadiyyatın inkişafına dair strategiyanın
icrası ilə birbaşa əlaqələndiriləcək.
“Bu çərçivədə 4SİM-in əsas prioritetləri sənaye və biznes mühitində
süni intellekt, data analitikası, rəqəmsal əkiz və generativ süni
intellekt kimi Dördüncü Sənaye İnqilabı texnologiyalarının milli
iqtisadiyyatın müxtəlif sektorlarında tətbiqinin genişləndirilməsi,
texnoloji transformasiya proqramlarının müəssisələr üzrə tətbiqi və
data əsaslı qərarvermə mexanizmlərinin formalaşdırılması olacaq”, -
deyə F.Cəfərov qeyd edib.
O bildirib ki, strategiya çərçivəsində 2029-cu ilə qədər rəqəmsal
transformasiya proqramlarında iştirak edən müəssisələrin sayının
300-ə, yeni startapların sayının 250-yə çatdırılması, 200 KOB-un
rəqəmsal bazarlara çıxış əldə etməsi və 40 min nəfərin rəqəmsal
bacarıqlar üzrə təlimlərdən keçirilməsi nəzərdə tutulur.
F.Cəfərov həmçinin sənaye müəssisələrinin rəqəmsal
transformasiyasına dəstək məqsədilə həyata keçirilən “Rəqəmsal
İqtisadiyyatın İnkişafına Dəstək” Proqramının genişləndiriləcəyini
bildirib.
“2026-cı ildə yeni müəssisələrin proqrama cəlb olunması nəzərdə
tutulur. İştirak tamamilə ödənişsizdir. Məqsədimiz mümkün qədər çox
yerli şirkətin bu transformasiya prosesinə sistemli şəkildə
qoşulmasını və proqramdan faydalanmasını təmin etməkdir”, - deyə
4SİM rəhbəri bildirib.
Onun sözlərinə görə, “Sənaye Klasterlərinə Keçid” təşəbbüsü də
növbəti mərhələdə əsas istiqamətlərdən biri olacaq.
“Bu təşəbbüs sənayenin inkişafında fərdi şirkət yanaşmasından
klaster əsaslı yanaşmaya keçidi təşviq edir. Dövlət qurumları,
müəssisələr, təchizatçılar, texnologiya şirkətləri, startaplar və
universitetlər vahid sənaye klasteri çərçivəsində koordinasiyalı
şəkildə fəaliyyət göstərir”, - deyə F.Cəfərov vurğulayıb.
