Bakı. Trend:
Belçikalı hücumçu Romelu Lukaku “Napoli”dən ayrılaraq “Fənərbağça” ilə müqavilə imzalayıb.
"Fənərbağça" Neapol təmsilçisi ilə 6 milyon avro təzminat və əlavə bonuslar qarşılığında anlaşıb.
“Salam, əziz “Fənərbağça” azarkeşləri. Sizin klubunuza qoşulmaq və belə möhtəşəm tarixə malik komandanın bir hissəsi olmaq mənim üçün böyük şərəfdir.
Doğrusunu söyləsəm, əla komandamız var və belə güclü heyətin bir hissəsi olduğum üçün çox şadam. Hər gün çox çalışacağam, məşqlərdə əlimdən gələnin ən yaxşısını edəcəyəm ki, komandaya mümkün qədər çox kömək olum. Meydanda keçirdiyim hər anı komandamızın oyunlarını qazanmasına töhfə vermək üçün dəyərləndirmək istəyirəm.
İlk növbədə, mənə bir şəxsiyyət kimi göstərdikləri etimada və inama, həmçinin futbolçu kimi bacarıqlarıma güvəndiklərinə görə rəhbərliyə və baş məşqçimizə təşəkkür etmək istəyirəm.
Mən 100 faiz hazıram, meydana çıxmağa hazıram. Bu, mənim üçün də bir qədər emosional andır. Çünki uzun illərdən sonra Türkiyəyə qayıdıram. Bildiyiniz kimi, uşaqlıqda burada yaşamışam və məhz burada atamla birlikdə peşəkar futbol dünyasını kəşf etmişəm. Buna görə də qayıdışım mənim üçün çox xüsusi və olduqca emosional an olacaq. Bunun “Fənərbağça”da baş verməsindən böyük qürur hissi keçirirəm. Dəstəyiniz üçün təşəkkür edirəm. Tezliklə görüşənədək”, – deyə “Fənərbağça”nın rəsmi saytı Lukakunun sözlərini yayıb.
Xatırladaq ki, ötən mövsümdə 33 yaşlı hücumçu "Napoli"nin heyətində bütün turnirlərdə cəmi yeddi oyun keçirib və bir qol vurub. O, mövsümün böyük hissəsini zədə səbəbindən buraxıb.
O, karyerası ərzində "Anderlext", "Çelsi", "Vest Bromviç", "Everton", "Mançester Yunayted", "İnter" və "Roma" kimi komandalarda çıxış edib.
