"Hürriyyət"in baş redaktoru Vüqar Məmmədovun cinayət işi üzrə məhkəmə keçirildi

Cəmiyyət Materials 13 Avqust 2026 15:34 (UTC +04:00)
"Hürriyyət"in baş redaktoru Vüqar Məmmədovun cinayət işi üzrə məhkəmə keçirildi
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat zamanı saxlanılan baş redaktor Vüqar Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə prosesi iş üzrə zərərçəkən qismində tanınanların nümayəndələrinin ifadəsi ilə davam edib.

Bir sıra qurum və özəl təşkilatların nümayəndələri bildiriblər ki, 2022-ci ildən etibarən onların fəaliyyəti ilə bağlı mediada həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.

Daha sonra müdafiə tərəfinin vəkili məhkəməyə vəsatət təqdim edərək, təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılmasını istəyib.

Məhkəmə qısa müşavirədən sonra vəsatətin təmin edilmədiyini açıqlayıb.

Növbəti məhkəmə prosesi oktyabrın 14-nə təyin olunub.

Xatırladaq ki, Vüqar Məmmədov ötən ilin oktyabrın 29-da DTX-nin "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Məhkəmənin qərarı ilə Vüqar Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti