Bakı.Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana 162,6 milyon ABŞ dolları dəyərində 1,422 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycandan sözügedən ölkəyə təbii qaz (qaz halında) ixracı dəyər ifadəsində 11,6 milyon ABŞ dolları və ya 7,7 faiz artıb, həcm baxımından isə 92 milyon kubmetr və ya 6,9 faiz çoxalıb.
Ümumilikdə, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycandan 8 ölkəyə 4,105 milyard ABŞ dolları dəyərində 12,431 milyard kubmetr təbii qaz (qaz halında) ixrac olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, dəyər ifadəsində 436,466 milyon ABŞ dolları və ya 9,6 faiz az, həcm ifadəsində isə 65,848 milyon kubmetr və ya 0,5 faiz çoxdur.
Bundan əlavə, 2026-cı ilin ilk altı ayında Azərbaycan təbii qazı (qaz halında) yalnız bir ölkədən – İran İslam Respublikasından idxal edib. İdxalın həcmi 193,187 milyon kubmetr, dəyəri isə 13,001 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövründə Azərbaycan təbii qazı iki ölkədən – Rusiya və Türkmənistandan – 208,246 milyon kubmetr həcmində, 31,980 milyon ABŞ dolları dəyərində idxal etmişdi. Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycana təbii qaz idxalı dəyər ifadəsində 18,979 milyon ABŞ dolları və ya 59,3 faiz, həcm ifadəsində isə 12,059 milyon kubmetr və ya 5,9 faiz azalıb.
