Polşada kiberhücum nəticəsində əhalinin yarısına aid məlumatlar sızıb

Dünya xəbərləri Materials 13 Avqust 2026 05:27 (UTC +04:00)
Polşada kiberhücum nəticəsində əhalinin yarısına aid məlumatlar sızıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Polşa hakimiyyəti avqustun 12-də tibbi proqram təminatı şirkətinə qarşı həyata keçirilən kiberhücum nəticəsində təxminən 19 milyon vətəndaşa aid tibbi və şəxsi məlumatların kütləvi şəkildə sızdığını açıqlayıb.

Polşanın rəqəmsallaşma naziri Kşiştof Qavkovskinin sözlərinə görə, insident 37 milyon əhalisi olan ölkənin tarixində kibertəhlükəsizlik sahəsində qeydə alınmış "ən böyük" hadisələrdən biridir. O, "hazırda bunun Rusiyadan və ya hər hansı digər dövlətdən həyata keçirilən xarici hücum olduğuna dair heç bir əlamət yoxdur", — deyə bildirib.

Nazirin fikrincə, ilkin məlumatlar maddi qazanc məqsədilə fəaliyyət göstərən kibercinayətkarların izinə aparıb çıxarır. O, kiberhücumu törədənlərin təqib ediləcəyinə söz verib.

Oğurlanmış məlumatların həcmi təxminən 2 terabaytdır. Məlumatlar arasında tibbi müayinələr, reseptlər və pasiyentlərin müalicəsinin izlənməsi zamanı istifadə olunan digər sənədlərlə bağlı məlumatlar da var.

Nazirin bildirdiyinə görə, ələ keçirilən məlumatların xarakteri və həcmi şəxsdən şəxsə dəyişir. O, həmçinin vətəndaşların öz məlumatlarının oğurlanıb-oğurlanmadığını yoxlaya bilməsi üçün xüsusi mexanizmin yaradıldığını açıqlayıb. Hücuma məruz qalan şirkətin xidmətlərindən təxminən 12 min tibb müəssisəsi istifadə edirdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti