Bakı. Trend:
Dərnəgül deposunun tam istismara verilməsinin 2027-ci ilin sonu, 2028-ci ilin əvvəlinə, qatarların isə tam fəaliyyətə başlamasının həmin dövrə qədər təmin olunması nəzərdə tutulur.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Bakı Metropoliteninin baş mühəndisi Namiq Yusubov Dərnəgül elektrik deposunda II mərhələ üzrə işlərin tamamlanması və ilk xətti qatarın qəbulu prosesi ilə bağlı təşkil edilən mediaturda jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Bakı Metropolitenində xüsusi əhəmiyyət kəsb edən layihənin icrasına başlanılıb.
"Layihənin əsas mahiyyəti metropoliten xətlərinin bir-birindən ayrılaraq müstəqil fəaliyyət göstərməsindən ibarətdir. İlkin olaraq qeyd etmək istərdim ki, xətlərin ayrılması üçün hər bir xəttin müstəqil şəkildə fəaliyyət göstərən deposu olmalıdır. Layihənin icrasına mərhələli şəkildə başlanılıb".
Baş mühəndis qeyd edib ki, ilkin mərhələdə “Dərnəgül” deposunda 25 qalovdan 13-ü istifadəyə verilib.
"Burada texniki baxışın və gündəlik istismarın təşkili təmin
olunub. Eyni zamanda mühəndis-texniki qurğuların inkişafına
başlanılıb. “Dərnəgül” deposu artıq ikinci mərhələdə istismara
başladığından işçi heyətinin ayrılması da həyata keçirilib.
Qırmızı xətt üzrə “Həzi Aslanov” stansiyasından “İçərişəhər”ə
qədər, yaşıl xətt üzrə isə “Dərnəgül”dən “Nizami” stansiyasına
qədər müstəqil fəaliyyətin təşkili nəzərdə tutulur.
Xətlərin ayrılması layihəsinin 11 ay ərzində yekunlaşdırılması
planlaşdırılır. Birləşdirmə tunelinin inşasından sonra yaşıl və
qırmızı xətlər müstəqil fəaliyyət göstərəcək.
Bu müddət ərzində sərnişinlərdən anlayışlı olmaları xahiş olunur.
İşlərin icrası zamanı müəyyən çətinliklərin yaranması
mümkündür.
Xüsusi əhəmiyyət daşıyan məsələlərdən biri də birləşdirmə tunelinin
inşasıdır. Dərnəgül deposunun tam istismara verilməsinin 2027-ci
ilin sonu, 2028-ci ilin əvvəlinə, qatarların isə tam fəaliyyətə
başlamasının həmin dövrə qədər təmin olunması nəzərdə tutulur".
