Braziliya yeniyetmə qızın intiharından sonra Discord-da canlı yayımların dayandırılmasını tələb edib

Dünya xəbərləri Xəbər 13 Avqust 2026 05:59 (UTC +04:00)
Braziliya yeniyetmə qızın intiharından sonra Discord-da canlı yayımların dayandırılmasını tələb edib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Braziliyada Milli Məlumatların Mühafizəsi Agentliyi (ANPD) avqustun 12-də, çərşənbə günü Discord platformasında canlı yayımların üç gün ərzində dayandırılmasını tələb edib. Buna səbəb şirkətin platformada intihara sövq edildiyi ehtimal olunan yeniyetmə qızın ölümündən sonra "müvafiq qabaqlayıcı tədbirlər görmədiyinə dair ciddi sübutların" olmasıdır.

Agentlik bildirib ki, "platformadan uşaqlara və yeniyetmələrə qarşı ciddi pozuntuların törədilməsi üçün əlverişli mühit kimi dəfələrlə istifadə olunub. Canlı yayımlar isə zorakılıq, təqib, özünə xəsarət yetirməyə və intihara təşviq hallarında mütəmadi olaraq istifadə edilib".

Bu hadisə internetdən geniş istifadə olunan Braziliyada böyük əks-səda doğurub. Solçu prezident Luiz İnasio Lula da Silvanın həyat yoldaşı Rozanjela da Silva ötən həftə Discord-un bloklanmasını tələb etmişdi.

Ötən həftə Braziliyanın bir neçə ştatında polis iyul ayında ölkənin mərkəzi-qərb hissəsində 13 yaşlı qızın intiharı ilə əlaqəsi olduğu ehtimal edilən beş yeniyetməni saxlayıb.

İstintaqın məlumatına görə, qız Discord platformasındakı canlı yayım zamanı özünə xəsarət yetirməyə və intihar etməyə sövq edilib.

Həbslərin həyata keçirildiyi gün keçirilən mətbuat konfransında Ədliyyə Nazirliyinin kibercinayətkarlıqla mübarizə xidmətinin koordinatoru, komissar Alessandro Barreto hadisəni “əsl dəhşət filmi” adlandırıb. O bildirib ki, yeniyetmə qız intihara sövq edilib və “bütün bunlar canlı yayımlanıb”.

“Əvvəllər yetkin şəxslərin azyaşlıları cəlb etdiyini görürdük. İndi isə azyaşlıların digər azyaşlıları vəhşilik törətməyə cəlb etməsini görürük. Buna rəqəmsal köləlik deyilir”, — deyə o əlavə edib.

Komissar təxminən 45 dəqiqə davam edən canlı yayım zamanı platformada "ciddi moderasiya boşluqlarının" olduğunu bildirib. O, buna nümunə olaraq şübhəlilərdən birinin platformanın tələb etdiyi yaş barədə özünü bəyan etmə formasını doldurarkən 148 yaşında olduğunu qeyd etdiyini deyib.

Braziliyada mart ayında qüvvəyə minmiş qanun platformaları 16 yaşdan kiçik istifadəçilərin hesablarını valideynlərinin hesabları ilə əlaqələndirməyə və istifadəçilərin yaşını yoxlamağa məcbur edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti