Bakı. Trend:
Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi ilə bağlı ilkin epidemioloji araşdırmalara əsasən xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təması müəyyən edilib.
Bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında qeyd olunub.
Bildirilib ki, xəstəliyə şübhəli olan ilk şəxsdən götürülmüş müayinə materialının laborator müayinəsi nəticəsində “qarayara xəstəliyi” diaqnozu təsdiq edilib:
"Hazırda təmasda olan şəxslər müəyyənləşdirilmış, tibbi müşahidəyə cəlb edilmiş və hər hansı dəri yarası olan şəxslərdən laborator müayinələrin aparılması üçün nümunələr toplanılıb. Xəstə heyvanla təmasda olan 9 nəfər şəxs aşkarlanaraq Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. Xəstəliklə təmasda olan şəxslər əsasən Samux rayon sakinləridir. Sözügedən şəxslərdən laborator müayinə üçün nümunələr toplanıb və Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib".
Məlumatda qeyd edilib ki, qarayara xəstəliyinin törədicisi torpaq
mənşəlidir və dünyanın hər yerində rast gəlinən haldır:
"Qarayara əsasən xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də
onların yoluxmuş toxumaları və məhsulları ilə təmas nəticəsində
insana keçən zoonoz xəstəlikdir. Xəstəliyin insandan-insana
ötürülməsi olduqca nadir hallarda baş verir. Xəstə heyvanın termiki
emal olunmuş ətinin və ondan hazırlanmış qidaların istehlakı
qarayara xəstəliyinə yoluxmaya səbəb olmur. Hazırda hadisə ilə
bağlı vəziyyət aidiyyəti qurumların nəzarətindədir və zəruri
epidemioloji tədbirlər həyata keçirilir. Əhali arasında yayılma
müşahidə olunmur və vətəndaşların narahatlığına əsas yoxdur.
Vətəndaşlara xəstə və ya tələf olmuş heyvanlarla və şübhəli heyvan
mənşəli məhsullarla təmasdan çəkinmək, xəstəliyə şübhə yaradan
əlamətlər müşahidə etdikdə isə vaxtında tibb müəssisəsinə müraciət
etmək tövsiyə olunur".
