Naxçıvanın sosial-iqtisadi inkişafına yeni təkan: 258 milyon manat

Siyasət Materials 12 Avqust 2026 19:58 (UTC +04:00)
Naxçıvanın sosial-iqtisadi inkişafına yeni təkan: 258 milyon manat
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfərindən bir gün sonra imzaladığı Sərəncamla bölgənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat vəsait ayrılacaq.

Bu qərar Naxçıvanın inkişafına yönəlmiş ardıcıl dövlət siyasətinin növbəti mühüm mərhələsidir. Ayrılan vəsait mövcud dövlət proqramlarının, o cümlədən 2023–2027-ci illər üzrə Dövlət Proqramının davamı olaraq həyata keçiriləcək layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.

Yeni maliyyə paketi Naxçıvanda infrastrukturun yenilənməsini, iqtisadi fəallığın artırılmasını, əhalinin sosial rifahının yüksəldilməsini və muxtar respublikanın ölkənin ümumi inkişafına töhfəsinin daha da gücləndirilməsini təmin edəcək.

Enerji və infrastruktur layihələri

Ayrılan vəsait hesabına 2026–2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi nəzərdə tutulur.

Su Elektrik Stansiyasının 15,6 MVt gücündə tikintisinin davam etdirilməsi Naxçıvanın enerji imkanlarını artıracaq və Azərbaycanın yaşıl enerji siyasətinə mühüm töhfə verəcək.

Bununla yanaşı, 420 kilometr uzunluğunda şəhər, kənd və kəndlərarası yollar əsaslı təmir ediləcək. Layihə 26 yaşayış məntəqəsini və 156,3 min nəfər əhalini əhatə edəcək.

Şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsi isə sərnişindaşımanın keyfiyyətinin və təhlükəsizliyinin artırılmasına imkan yaradacaq.

Təhsil və sosial sahəyə dəstək

Yeni sərmayələr təhsil infrastrukturunun inkişafını da əhatə edir. Naxçıvan Dövlət Universitetində 1000 yerlik tələbə yataqxanasının və 640 nəfərlik beş yeni uşaq bağçasının tikintisi planlaşdırılır.

Bundan əlavə, 161 yaşayış binasının fasad və daxili hissələrinin əsaslı təmiri, eləcə də istilik qazanxanalarının yenilənməsi həyata keçiriləcək.

Naxçıvanın inkişafına strateji baxış

Prezident İlham Əliyevin imzaladığı bu Sərəncam regionların balanslı inkişafına yönəlmiş dövlət siyasətinin növbəti real göstəricisidir.

Enerji təhlükəsizliyi, müasir yol infrastrukturu, təhsil imkanları və sosial layihələri əhatə edən yeni investisiya paketi Naxçıvanın uzunmüddətli inkişafına xidmət edəcək və muxtar respublikanın iqtisadi potensialını daha da gücləndirəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti