Bakı. Trend:
Türkiyənin Balıkesir vilayətinin Edremit rayonunun ərazisində yerləşən Kaz Dağlarının ətəklərində meşə yanğını başlayıb. Alovlar yaşayış məntəqələrinə qədər yaxınlaşıb.
Bu barədə “Haber7” məlumat yayıb.
Hazırda bölgəyə çoxsayda yanğınsöndürmə briqadaları səfərbər olunub, onlar alovu lokallaşdırmağa çalışırlar. Yanğın ocağından qalxan qatı tüstü Edremit körfəzinin bir çox nöqtəsindən görünür.
Məlumata görə, yanğın saat 14:00 radələrində Fatih məhəlləsində dağın ətəyində meydana gəlib. Sürəti saatda 65-70 kilometrə çatan külək alovun daha sürətlə yayılmasına təsir edib.
Alova havadan 9 təyyarə və 6 helikopterlə müdaxilə edilir. Bölgəyə həmçinin 11 yanğınsöndürən maşın və 5 su tankeri göndərilib.
