Bakı. Trend:
Azərbaycanda kapital bazarının inkişafı üzrə görülmüş işlər müzakirə edilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Belə ki, Mərkəzi Bankın sədr müavini Əli Əhmədov Azərbaycan
Kapital Bazarları Assosiasiyası (AKBA), Bakı Fond Birjası (BFB),
Milli Depozit Mərkəzi (MDM) və ölkədə fəaliyyət göstərən
investisiya şirkətlərinin rəhbərləri ilə görüşüb.
Görüşdə 2026-cı ilin ikinci rübü üzrə kapital bazarlarının inkişaf
dinamikası, investisiya şirkətlərinin fəaliyyət nəticələri, eləcə
də sektorda müşahidə olunan əsas tendensiyalar və perspektivlər
müzakirə edilib. Bununla yanaşı, “2024–2026-cı illərdə maliyyə
sektorunun inkişaf Strategiyası” çərçivəsində cari ildə kapital
bazarının inkişafı üzrə görülmüş işlər nəzərdən keçirilib.
Görüşdə həmçinin kapital bazarı üzrə əsas çağırışlar, o cümlədən
real sektor təmsilçilərinin bazarda aktiv iştirakının təşviqi,
sektorun rəqəmsallaşma səviyyəsinin yüksəldilməsi və maliyyə
savadlılığının artırılmasına yönəlmiş təşəbbüslər ətrafında fikir
mübadiləsi aparılıb.
Bu istiqamətdə beynəlxalq əməkdaşlıq da genişlənir. Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın iştirakı ilə kapital bazarlarının inkişafına yönəlmiş layihəyə başlayıb.
AİB-in məlumatına görə, proqram Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Çin, Türkiyə, Özbəkistan və digər ölkələr daxil olmaqla, Asiya-Sakit Okean regionunun 43 ölkə və iqtisadiyyatını əhatə edir.
Layihənin maliyyələşdirilməsi üçün AİB-in Texniki Yardım üzrə Xüsusi Fondunun vəsaiti hesabına 225 min ABŞ dolları ayrılması nəzərdə tutulub.
Bank bildirib ki, proqram iştirakçı ölkələrdə kapital bazarlarının inkişafına və bu sahədə mövcud imkanların genişləndirilməsinə dəstək verməyə yönəlib.
Qeyd edək ki, AİB-in 2015–2024-cü illər üzrə məlumatına əsasən, Azərbaycan 10 layihə üzrə ümumilikdə 2,53 milyard ABŞ dolları həcmində suveren maliyyələşdirmə əldə edib. Bu vəsaitin 51 faizi regional əməkdaşlıq və inteqrasiya layihələrinə yönəldilib.
Həmin dövrdə AİB Azərbaycanda ümumi məbləği 963,9 milyon ABŞ dolları olan doqquz qeyri-suveren layihəni də təsdiqləyib. Bu maliyyələşdirmənin 100 faizi özəl sektorun inkişafına yönəldilib.
AMB-nin məlumatına görə, 2026-cı ilin birinci rübündə AİB-in Azərbaycanın iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 2,075 milyon ABŞ dolları təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 455 min ABŞ dolları və ya 28,1 faiz çoxdur.
