Səhiyyə Nazirliyinin mütəxəssisi valideynlərin uşaqları yedirdərkən etdiyi səhvi açıqlayıb

Cəmiyyət Materials 12 Avqust 2026 15:36 (UTC +04:00)
Səhiyyə Nazirliyinin mütəxəssisi valideynlərin uşaqları yedirdərkən etdiyi səhvi açıqlayıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

İstirahət zamanı valideynlərin uşaqların qidalanmasında etdiyi ən böyük səhvlərdən biri uşağı zorla yedirtməkdir.

Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun doktorantı Regina Nemətova açıqlayıb.

Onun sözlərinə görə, valideynlərin uşaqları yeməyə məcbur etməsi onların aclıq və toxluq hissinin formalaşmasına mənfi təsir göstərə bilər:

“Valideynlərin tez-tez işlətdiyi “Bir qaşıq da ye” cümləsi bəzən uşağın aclıq və toxluq hissini pozur. Uşaq nə qədər və nə zaman yeməli olduğunu öz bədəninin siqnallarına əsasən öyrənməlidir”.

R.Nemətova bildirib ki, xüsusilə istirahət zamanı valideynlərin yol verdiyi digər geniş yayılmış səhvlərdən biri də uşağın menyusunu yalnız onun sevdiyi qidalarla məhdudlaşdırmaqdır. Onun sözlərinə görə, qızartma, fast-food və digər yüksək kalorili, lakin qida dəyəri aşağı məhsullara üstünlük verilməsi uşağın tərəvəz, balıq və digər faydalı qidalardan uzaqlaşmasına səbəb ola bilər.

“Bir çox ailədə şirənin faydalı olduğu düşünülür. Halbuki hazır şirələr, xüsusilə də şəkər əlavə edilmiş məhsullar, uşaqlar üçün əlavə şəkər mənbəyinə çevrilə bilər. Buna görə də uşaqların gündəlik qidalanmasında suya üstünlük verilməsi daha məqsədəuyğundur”, – deyə pediatr qeyd edib.

R.Nemətova vurğulayıb ki, valideynlərin qidalanmada etdiyi səhvlərdən biri də uşağın zəif görünməsindən narahat olaraq ona həddindən artıq kalorili qidalar verməsidir:

“Sağlam uşaq hər zaman kök uşaq demək deyil. Uşağın qidalanması onun yaşına, inkişafına və fərdi ehtiyaclarına uyğun qiymətləndirilməlidir. Fast-food və paketlənmiş məhsulların “ara-sıra” istifadəsi də zamanla gündəlik vərdişə çevrilə bilər”.

Pediatr səhər yeməyinin də uşaqların qidalanmasında mühüm yer tutduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, səhər yeməyinin mütəmadi olaraq ötürülməsi gün ərzində uşağın enerji səviyyəsinə və diqqətinə mənfi təsir göstərə bilər.

R.Nemətova qeyd edib ki, uşaqların qidalanmasında əsas məqsəd onları sadəcə doyurmaq deyil, erkən yaşlardan sağlam və balanslı qidalanma vərdişi formalaşdırmaqdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti