Naxçıvan Şərq və Qərb arasında ticarət əlaqələrində yeni rol qazanır

Siyasət Materials 12 Avqust 2026 12:48 (UTC +04:00)
Naxçıvan Şərq və Qərb arasında ticarət əlaqələrində yeni rol qazanır
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı.Trend:

Prezident İlham Əliyevin rəhbərliyi altında Naxçıvanın inkişafı regional layihələrin çərçivəsindən xeyli kənara çıxır. Belə ki, yeni dəmir yolları, nəqliyyat marşrutları və enerji infrastrukturu tədricən onun Cənubi Qafqaz xəritəsindəki mövqeyini dəyişir.

Naxçıvan Muxtar Respublikası üçün bu, inkişafın yeni mərhələsi deməkdir, lakin Azərbaycan üçün baş verənlərin miqyası daha genişdir. Dəmir yolu layihələri, regional kommunikasiyaların bərpası, TRIPP marşrutu, Türkiyə və İranla əlaqələrin inkişafı, sənaye tikintisi və enerji layihələri tədricən Naxçıvanın region xəritəsindəki rolunu dəyişir.

Prezident İlham Əliyev avqustun 11-də Naxçıvana səfəri zamanı muxtar respublikanın hərtərəfli inkişaf etdiyini vurğulayıb və prezidentliyi dövründə burada çoxsaylı mühüm layihələrin həyata keçirildiyini qeyd edib.

“Hər səfərimin də böyük mənası və gözəl nəticələri vardır. Bu illər ərzində bir çox önəmli layihələr icra olundu, Naxçıvanın ümumi inkişafı təmin edildi”,-dey dövlət başçısı vurğulayıb.

Lakin hazırkı mərhələ əvvəlkilərdən onunla fərqlənir ki, Naxçıvanın inkişafı onun müxtəlif ticarət istiqamətləri arasında kəsişmə nöqtəsi kimi tarixi funksiyasının bərpası ilə getdikcə daha çox əlaqələndirilir.

Dəmir yolu Naxçıvana tranzit funksiyasını qaytarır

Naxçıvanın coğrafi mövqeyi uzun müddət həm onun üstünlüyü, həm də məhdudiyyəti olub. Regionun Türkiyə və İranla sərhədi var və Ermənistanın bilavasitə yaxınlığında yerləşir. Lakin Azərbaycanın əsas hissəsi ilə birbaşa quru əlaqəsinin olmaması bu mövqedən səmərəli istifadəni əhəmiyyətli dərəcədə məhdudlaşdırırdı.

İndi vəziyyət dəyişir. Bu prosesin əsas elementlərindən biri dəmir yolu əlaqəsinin bərpasıdır. Naxçıvan dəmir yolu xətti layihəsi onun uzunluğunun 194,2 kilometrədək artırılmasını, 10 stansiyanın və üç sərnişin platformasının yenidən qurulmasını nəzərdə tutur. Artıq Salamməlik stansiyasından Ermənistanla dövlət sərhədinədək olan 7 kilometrlik hissədə işlərə başlanılıb.

Bununla yanaşı, dəmir yolu infrastrukturu daha genişmiqyaslı Zəngəzur dəhlizi layihəsi ilə əlaqələndirilir. Müvafiq layihələr başa çatdıqdan sonra dəmir yolunun illik yükdaşıma qabiliyyəti 15 milyon ton təşkil edəcək.

“Zəngəzur dəhlizinin yaradılması bildiyiniz kimi, bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub”, -Prezident İlham Əliyev deyib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan bu məqsədə doğru ardıcıl şəkildə irəliləyib. Bununla belə, söhbət yalnız daxili nəqliyyat əlaqəsinin bərpasından getmir. Naxçıvan dəmir yolunun hissəsi Türkiyədə tikintisi aparılan Qars–İğdır–Dilucu dəmir yolu ilə texniki və layihə baxımından uzlaşdırılmalıdır. Eyni zamanda, Ermənistan sərhədindəki hissədə aparılacaq işlərin TRIPP layihəsi ilə uzlaşdırılması planlaşdırılır.

Bu isə Naxçıvanın Azərbaycanın əsas hissəsi, Türkiyə və daha geniş beynəlxalq marşrutlar arasında əlaqələndirici həlqəyə çevriləcəyi vahid zəncirin formalaşdırılması imkanını yaradır.

TRIPP Naxçıvanın regional əhəmiyyətini artırır

Məhz burada Naxçıvanın nəqliyyat gündəliyi regional səviyyəyə çıxır. Ağ Evdə keçirilmiş sülh sammitinin birinci ildönümü münasibətilə ABŞ, Ermənistan və Azərbaycanın birgə bəyanatında “Beynəlxalq Sülh və Rifah Naminə Tramp marşrutu”nun tədricən ideyadan praktiki icras mərhələsinə keçdiyi qeyd olunur.

Ermənistanda artıq mühəndis-axtarış işləri aparılır, Azərbaycan isə öz ərazisində Ermənistanda TRIPP ilə birləşməli olan avtomobil və dəmir yollarının tikintisini, demək olar ki, başa çatdırıb. Bundan əlavə, tərəflər marşrut boyunca elektrikötürücü xəttin yaradılmasını dəstəkləyirlər.

Beləliklə, söhbət ayrı-ayrı nəqliyyat sahəsinin yaradılmasından deyil, Cənubi Qafqazda malların və enerjinin hərəkət istiqamətlərini dəyişə biləcək infrastruktur əlaqəsinin formalaşdırılmasından gedir.

Prezident İlham Əliyev bu istiqamətə beynəlxalq marağın artıq mövcud olduğunu da vurğulayıb.

“Bir çox beynəlxalq qurum, bəzi ölkələr bu yola maraq göstərir, xüsusilə Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə. Onlardan biri Avropa İttifaqıdır”, -deyə Prezident İlham Əliyev bildirib.

Orta Dəhlizin inkişafı nəzərə alınmaqla bu, Naxçıvan üçün xüsusilə əhəmiyyətlidir. Hazırda Xəzər regionu ilə Avropa arasında yük axınlarının əhəmiyyətli hissəsi Gürcüstan istiqamətindən keçirsə, Naxçıvan üzərindən əlavə marşrutların yaranması nəqliyyat coğrafiyasını şaxələndirməyə imkan verəcək.

Prezident İlham Əliyev potensial effekti kifayət qədər yüksək qiymətləndirir.

“Əlbəttə ki, buradan keçən tutaq ki, 15 milyon ton, bəlkə daha çox yük daha böyük canlanmaya gətirib çıxaracaq. Daha çox iş yerləri açılacaq, iqtisadi fəallıq artacaq və Naxçıvan deyə bilərəm ki, əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcəkdir. Bu, tam mümkündür”, - deyə dövlətimizin başçısı bildirib.

Məhz burada nəqliyyat layihəsi iqtisadi layihəyə çevrilməyə başlayır.

Tranzit sənayenin inkişafına təkan verməlidir

Tranzitin özü uzunmüddətli iqtisadi effektə zəmanət vermir. Bunun üçün yaradılan infrastrukturun və formalaşan biznes fəallığının bir hissəsi birbaşa regionda qalmalıdır. Bu baxımdan 310 hektar ərazini əhatə edən Naxçıvan Sənaye Parkı mühüm layihəyə çevrilir. Parkın yaradılması mühəndis, nəqliyyat, energetika və istehsal infrastrukturunun formalaşdırılmasını nəzərdə tutur, potensial rezidentlərlə artıq danışıqlar aparılır.

Azərbaycanın digər sənaye parklarının təcrübəsi bu modelin miqyasını göstərir. Hazırda fəaliyyət göstərən səkkiz sənaye parkında 184 rezident qeydiyyatdan keçib, onlardan 101-i artıq fəaliyyət göstərir. Rezidentlərin investisiyalarının həcmi 7,1 milyard manatı ötüb, yaradılan iş yerlərinin sayı isə 11 500-dən çoxdur. 2026-cı il iyulun 1-nə sənaye parklarında istehsalın həcmi 21,4 milyard manat təşkil edib ki, bunun da 6,7 milyard manatı ixracın payına düşüb.

Naxçıvan üçün bu, malların sadəcə tranzit etdiyi ərazi rolundan həmin malların bir hissəsinin istehsal olunduğu, emal edildiyi və əlavə dəyər yaratdığı məkana çevrilmək imkanı yaradır. Perspektivdə bu model həm daxili bazara, həm də qonşu ölkələrə istiqamətlənmiş logistika, anbar kompleksləri, istehsal və digər sahələrin hesabına genişləndirilə bilər.

Energetika daha bir istiqamət açır

Naxçıvanın dəyişən mövqeyinə təsir edən başqa bir amil energetikadır. Avqustun 11-də Prezident İlham Əliyev ümumi gücü 50 MVt olan iki günəş elektrik stansiyasının – “Şəms 1” və “Qərbi Üfüq”ün tikintisinin icrası ilə tanış olub. Stansiyalar istifadəyə verildikdən sonra onların ümumi illik elektrik enerjisi istehsalının təxminən 118 milyon kilovat-saat olacağı və bunun 40 minə yaxın təsərrüfatın elektrik enerjisi ilə təmin edilməsinə imkan verəcəyi gözlənilir.

Bununla yanaşı, Naxçıvan daha böyük potensiala malikdir.

“Naxçıvanda Günəş enerjisinin potensialı çox böyükdür. Aparılan monitorinq və dəqiq təhlil əsasında Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır”,-deyə Prezident İlham Əliyev bildirib.

Muxtar respublikada günəş elektrik stansiyalarının tikintisi üçün 688 hektar ərazi ayrılıb. Hazırda Naxçıvanda bərpaolunan enerji mənbələrinin qoyuluş gücü 108 MVt təşkil edir ki, bu da Azərbaycan üzrə göstəricinin 5,2 faizinə bərabərdir. İki yeni stansiya istifadəyə verildikdən sonra bu göstərici 158 MVt-a çatacaq.

Burada nəqliyyat və energetika gündəliyi bir-biri ilə kəsişməyə başlayır. Dövlət başçısı qeyd edib ki, hazırda Zəngəzur dəhlizinə ilkin nəqliyyat konsepsiyasından daha geniş prizmadan baxılır.

“Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi bizdə hazırdır”, -deyə Prezident İlham Əliyev bildirib.

Tərəflərin dəstəklədiyi TRIPP boyunca elektrik verilişi xətti ilə birlikdə bu, regionda təkcə yeni nəqliyyat deyil, həm də enerji əlaqələrinin formalaşdırılması perspektivini açır. Naxçıvan üçün bu, öz enerji dayanıqlığını gücləndirmək və gələcəkdə bərpaolunan enerji potensialından daha geniş bazar üçün istifadə etmək imkanı deməkdir.

Yeni Naxçıvan artıq 2044-cü il üçün planlaşdırılır

İqtisadi transformasiya buna uyğun şəhər mühiti tələb edir. Buna görə də Naxçıvanda infrastruktur dəyişiklikləri eyni zamanda şəhər səviyyəsində də həyata keçirilir. Naxçıvan şəhərinin yeni Baş inkişaf planı 2044-cü ilədək olan dövrü əhatə edir. Plan məskunlaşma ərazisinin təxminən 44 faiz genişləndirilməsini, əhalinin 97,2 mindən 130 min nəfərə çatdırılmasını və məşğulluğun təxminən 40 faiz artaraq 78 min nəfərə yüksəldilməsini nəzərdə tutur. Planda nəqliyyatın, rekreasiya zonalarının, sosial infrastrukturun və turizmin inkişafı nəzərdə tutulur. Velosiped infrastrukturunun uzunluğu 122 kilometrə çatdırılmalı, adambaşına düşən yaşıllıq sahəsi isə 15 kvadratmetrdən 27 kvadratmetrə qədər artırılmalıdır.

Bununla paralel olaraq, şəhərdə müasir ictimai nəqliyyat sistemi formalaşdırılır. Doqquz marşrut xətti üçün 60 elektrik avtobusu alınıb, rəqəmsal monitorinq sistemi yaradılır, gediş haqqının ödənişi isə nağdsız formata keçirilir. İlk baxışda bu layihələrin beynəlxalq dəhlizlərlə əlaqəsi yoxdur. Lakin məhz onlar göstərir ki, Naxçıvanın inkişafı gələcəkdə sərnişin axınının, məşğulluğun və biznes fəallığının artması nəzərə alınmaqla planlaşdırılır.

Prezident İlham Əliyev qeyd edib ki, Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ vahid yanaşma əsasında inkişaf etdirilməlidir. “Mən göstəriş verdim ki, Naxçıvan şəhərinin də Baş planı işlənilsin, hazırlansın, - bu gün mənə təqdim edilmişdir, - şəhərin inkişafı, müasir infrastrukturun yaradılması ilə bağlı əlavə tədbirlər görülsün”,-deyə Prezident İlham Əliyev bildirib.

Bu baxımdan Naxçıvanda hazırda gedən proseslər Azərbaycanın tarixi Zəfərindən sonra yeni hərbi-siyasi reallıqların formalaşması ilə başlayan və hazırda iqtisadi və infrastruktur müstəvisində davam etdirilən daha geniş siyasəti əks etdirir. Hərbi Qələbə regional siyasətin mümkün olduğu şəraiti dəyişdi. Sülh razılaşmaları və yeni qarşılıqlı fəaliyyət mexanizmləri kommunikasiyaların bərpası üçün imkan yaradır. Dəmir yolları, TRIPP, sənaye parkı, enerji xətləri və bərpaolunan enerji mənbələri isə bu dəyişiklikləri artıq uzunmüddətli infrastruktura çevirir.

Məhz buna görə Naxçıvanın hazırkı inkişaf mərhələsi ayrı-ayrı regionun sosial-iqtisadi inkişaf proqramının çərçivəsindən xeyli kənara çıxır. Prezident İlham Əliyevin siyasəti Naxçıvan üçün tədricən yeni rol formalaşdırır – təkcə inkişaf etdirilməli və ölkənin digər hissələri ilə inteqrasiya olunmalı ərazi kimi deyil, həm də Cənubi Qafqazın yeni nəqliyyat və iqtisadi xəritəsinin potensial qovşaqlarından biri kimi.

Dəmir yolu layihələri tam həcmdə həyata keçirilərsə, TRIPP və digər regional kommunikasiyalar dayanıqlı istismara keçərsə, Naxçıvan coğrafi mövqeyindən yenidən üstünlük kimi istifadə etmək imkanı əldə edəcək. Onun Azərbaycanın əsas hissəsi, Türkiyə və qonşu istiqamətlərlə əlaqəsi Şərq və Qərb arasında ticarət axınlarını gücləndirməklə yanaşı, Şimal–Cənub marşrutlarına da əlavə əhəmiyyət qazandıra bilər.

Beləliklə, hərbi zəfərin yeni reallıqlar yaratdığı, sülh və inkişafın isə bu reallıqları infrastruktur, ticarət və iqtisadi əlaqələr vasitəsilə möhkəmləndirdiyi siyasətin praktiki davamı formalaşır. Naxçıvan bu sistemdə regional coğrafiyanın dəyişməsinin tədricən yeni iqtisadi reallığa çevrilə biləcəyini göstərən ən bariz nümunələrdən birinə çevrilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti