Bakı.Trend:
Qazaxıstanda iş vakansiyası üçün namizədi süni intellekt axtaracaq.
Bu barədə ölkənin əmək və əhalinin sosial müdafiəsi naziri Askarbek Yertayev məlumat verib.
Nazirin sözlərinə görə, Rəqəmsal Məşğulluq Xidməti işə ehtiyacı olan vətəndaşları müstəqil şəkildə müəyyən edəcək və onlara “eGov”, “Enbek.kz” və ya “1414” nömrəsindən SMS vasitəsilə bildiriş göndərəcək.
Süni intellekt vətəndaşlar üçün həm öz regionlarında, həm də digər regionlarda, o cümlədən fəhlə peşələri üzrə uyğun vakansiyaları seçəcək. Sistem həmçinin təlim, ixtisasartırma və yenidən ixtisaslaşma, eləcə də köçürülmə variantlarını təklif edəcək.
İyul ayında xidmət Pavlodar vilayətində istifadəyə verilib. 39 min nəfər SMS bildiriş alıb, 962 nəfər işlə təmin olunub.
Sentyabr ayında xidmət Manqistau vilayətində tətbiq ediləcək. İlin sonunadək onun 20 bölgədə istifadəyə verilməsi planlaşdırılır.
