Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan birlikdə ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər.
Bu barədə ABŞ, Ermənistan və Azərbaycanın Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı yaydığı birgə bəyanatında deyilir.
"Bir il əvvəl Prezident Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla birlikdə Ağ Evdə tarixi Sammitə ev sahibliyi edib və Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan sülh üçün Birgə Bəyannamə imzalayıblar. Üç liderin şahidliyində Ermənistan və Azərbaycanın xarici işlər nazirləri tərəfindən “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Sülhün və Dövlətlərarası Münasibətlərin Təsis Edilməsi haqqında Saziş” layihəsi paraflanıb. Bu birinci ildönümdə ölkələrimizin birlikdə əldə etdiyi nailiyyətlərə görə dərin qürur hissi keçirir və onilliklər boyu davam etmiş münaqişəyə son qoyan, Cənubi Qafqazı daha firavan gələcəyə doğru aparan bu təməl üzərində irəliləmək əzmindəyik. Sülhün təmin olunması istiqamətində bu tarixi və mühüm səylərə verilən yüksək qiymətin ifadəsi olaraq, Prezident Əliyev və Baş nazir Paşinyan birlikdə Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər", - Bəyanatda deyilir.