Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara 20 milyon manatdan çox ƏDV geri qaytarılıb

İqtisadiyyat Materials 10 Avqust 2026 15:31 (UTC +04:00)
Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara 20 milyon manatdan çox ƏDV geri qaytarılıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara 20 milyon 16,3 min manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

"Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla davam etdirilir. 2026-cı ilin yanvar - iyul ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 20 milyon 16,3 min manat təşkil edib", - məlumatda bildirilib.

Ümumilikdə, 2026-cı ilin yanvar - iyul ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 11 milyard 474,1 milyon manat vergi daxil olub, bu da proqnoza nisbətən 848,1 milyon manat çoxdur.

Bildirilib ki, 2025-ci ilin müvafiq dövrünə nisbətən vergi daxilolmaları 913,3 milyon manat və ya təxminən 8,6 faiz artıb.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 8 milyard 488,8 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 251,8 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 898,4 milyon manat və ya 11,8 faiz artıb.

2026-cı ilin yanvar - iyul aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 37,3 milyon manat olub, proqnozdan əlavə 229,4 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2 milyard 687,2 milyon manatdan çox təşkil edib.

Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 143,5 milyon manat olub, proqnozdan əlavə 6,8 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 110,2 milyon manata yaxın təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 606,8 milyon manata yaxın olub, proqnozdan əlavə 15,6 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 402,4 milyon manata yaxın təşkil edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti