Bakı.Trend:
Ukrayna Ali Antikorrupsiya Məhkəməsi ölkənin Prezident Ofisinin sabiq rəhbəri Andrey Yermaka qarşı qətimkan tədbirini dəyişdirərək onun ölkənin bir neçə vilayətinə səfərlər etməsinə icazə verib.
Ukrayna KİV-ə görə, bu barədə İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məhkəmənin öncəki qərarında Yermakın müstəntiqin, prokurorun və ya hakimin icazəsi olmadan Kiyev şəhərini və Kiyev vilayətini tərk etməsi qadağan edilmişdi. İndi isə ona Dnepropetrovsk, Donetsk, Zaporojye, Nikolayev, Sumı, Xarkov və Xerson vilayətlərinə getməyə, digər vilayətlərdən tranzit keçməklə səfər etməyə icazə verilib.
2020-ci ildən Ukrayna Prezident Ofisinə rəhbərlik edən Yermak 2025-ci ilin noyabrında “Enerqoatom” ətrafında baş verən korrupsiya qalmaqalı səbəbindən istefa verib. O, daha altı nəfərlə birlikdə Kiyev yaxınlığında “Dinastiya” adlı elit kottec şəhərciyinin tikintisi zamanı 460 milyon qrivnanın (10,4 milyon dollar) leqallaşdırılması işi üzrə təqsirləndirilir.
