Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% artıb.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatına bildirilib.
Xatırladaq ki, 2026-cı ilin yanvar-iyun aylarında ölkədə istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,7 faiz, qeyri-qida malları üzrə 3,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 5,7 faiz artıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) isə inflyasiya proqnozunun yuxarı istiqamətdə yenidən nəzərdən keçirilməsini əsasən xarici mənşəli amillərlə əlaqələndirib.
AMB sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair iyulun 31-də keçirilən mətbuat konfransında bildirib ki, inflyasiya və iqtisadi artım üzrə proqnozlar hazırlanarkən bir sıra əsas amillər nəzərə alınır. Bunlar arasında inflyasiyanın və iqtisadi artımın faktiki dinamikası da yer alır.
Onun sözlərinə görə, Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın yüksəlməsi ölkədə inflyasiya proqnozlarına təsir göstərən əsas xarici amillərdən biridir.
“İnflyasiya proqnozunun yuxarı istiqamətdə yenidən nəzərdən keçirilməsi əsasən xarici mənşəli amillərlə bağlıdır. Bu baxımdan Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın yüksəlməsi mühüm rol oynayır”, – deyə T.Kazımov bildirib.
AMB sədri qeyd edib ki, nominal effektiv məzənnənin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə daha zəif templə artacağı gözləntiləri də inflyasiya proqnozlarına təsir edən amillərdəndir.
Onun sözlərinə görə, nominal effektiv məzənnənin artımı inflyasiyanı azaldan faktor hesab olunur. Lakin məzənnənin artım tempinin zəifləməsi bu təsirin də azalmasına gətirib çıxarır.
T.Kazımov əlavə edib ki, iqtisadi artım proqnozlarına faktiki iqtisadi artım tempinin zəifləməsi, eləcə də iqtisadiyyatın potensial artım imkanlarında baş verən dəyişikliklər təsir edir.
AMB sədri vurğulayıb ki, inflyasiya proqnozlarının dekompozisiyası zamanı dövlət istehlakı, ev təsərrüfatlarının istehlakı, əsas kapitala investisiyaların dinamikası və digər makroiqtisadi göstəricilər də nəzərə alınır.
