Bakı.Trend:
Yaponiya Müdafiə Nazirliyi beynəlxalq dəniz quldurluğuna qarşı əməliyyatlarda iştirak etmək üçün ən yeni P-1 müşahidə təyyarəsini Ədən körfəzi zonasına göndərib.
Bu barədə Kyodo informasiya agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, təyyarə Tokionun Afrikanın şimal-şərqindəki Cibutidə yerləşən daimi hərbi bazasına dislokasiya olunacaq.
P-1 Yaponiya istehsalı olan, sualtı qayıqların və suüstü gəmilərin müşahidəsi üçün nəzərdə tutulmuş reaktiv təyyarədir. O, fasiləsiz olaraq 10 saatdan çox patrul uçuşu həyata keçirə bilir. Bu təyyarələr 2013-cü ildən Yaponiyanın Hərbi Hava Qüvvələrinə daxil olmağa başlayıb. Hazırda ölkənin 40 belə təyyarəsi, həmçinin ABŞ istehsalı olan daha köhnə 24 ədəd P-3C təyyarəsi var.
Tokio 2009-cu ildən etibarən Ədən körfəzində dəniz quldurlarına qarşı əməliyyatlarda iştirak edir. Müşahidə təyyarəsindən əlavə, burada Yaponiya Hərbi Dəniz Qüvvələrinin esminesi də rotasiya əsasında fəaliyyət göstərir.
