Bakı. Trend:
Avqustun 8-i Azərbaycan üçün mühüm tarixi hadisənin ildönümüdür. Bir il əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində Vaşinqtonda keçirilən görüş və əldə olunan razılaşmalar regionda yeni mərhələnin əsasını qoydu.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputatın sözlərinə görə, Vaşinqton görüşü uzun illər davam etmiş münaqişədən sonra Cənubi Qafqazda formalaşmış yeni siyasi reallığın beynəlxalq səviyyədə mühüm təsdiqlərindən biri idi:
“Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasətin nəticəsində regionda tamamilə yeni reallıq formalaşıb. Bu reallıq artıq təkcə hərbi və siyasi müstəvidə deyil, beynəlxalq münasibətlərdə və regionun gələcək inkişaf konsepsiyasında da öz əksini tapır”.
A.Həsənova qeyd edib ki, sülh təşəbbüsünün əsasında Azərbaycan tərəfindən irəli sürülən prinsiplər dayanır.
Deputat qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra qarşısına yalnız əldə etdiyi hərbi-siyasi nəticələri qorumaq deyil, regionda davamlı sülhün və sabitliyin təmin olunması məqsədini də qoydu:
“Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması üçün beş əsas prinsip irəli sürüb. Bu prinsiplər qarşılıqlı olaraq dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və siyasi müstəqilliyinin tanınması, bir-birinə qarşı ərazi iddialarının olmaması, gələcəkdə belə iddialardan imtina, dövlətlərarası münasibətlərdə güc tətbiqindən və güclə hədələmədən çəkinmək, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya əlaqələrinin açılması kimi fundamental məsələləri əhatə edirdi. Prezident İlham Əliyevin rəsmi çıxışlarında da sülh prosesinin məhz bu beş prinsip əsasında qurulduğu dəfələrlə vurğulanıb.
Bu baxımdan sülh təşəbbüsünün məzmununun və əsas siyasi çərçivəsinin Azərbaycan tərəfindən irəli sürüldüyünü xüsusi qeyd etmək lazımdır. Azərbaycan müharibədən sonra regionu yeni qarşıdurma mərhələsinə deyil, sülh və əməkdaşlıq mərhələsinə gətirmək üçün konkret yol xəritəsi təqdim etdi”.
A.Həsənova qeyd edib ki, bu yanaşma Prezident İlham Əliyevin siyasətində mühüm strateji xəttin göstəricisidir: Azərbaycanın öz milli maraqlarını qorumaqla yanaşı, regional sabitlik üçün də uzunmüddətli model formalaşdırması.
Deputat xatırladıb ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün nəticələrinə dair Birgə Bəyannamə imzalanıb:
“Sənəddə Azərbaycan və Ermənistan liderlərinin razılaşdırılmış sülh sazişi mətninin xarici işlər nazirləri tərəfindən paraflanmasının şahidi olduqları qeyd edilir. Eyni zamanda, ATƏT-in Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanması ilə bağlı birgə müraciət imzalanıb və regionda kommunikasiyaların açılmasının əhəmiyyəti təsdiqlənib.
Vaşinqtonda ortaya qoyulan sənədlər göstərdi ki, söhbət artıq yalnız danışıqlardan getmir. Söhbət münaqişədən sonrakı dövrün siyasi və iqtisadi arxitekturasının formalaşdırılmasından gedir”.
Deputat vurğulayıb ki, bu prosesdə ABŞ Prezidenti Donald Trampın vasitəçilik və siyasi dəstəyi də xüsusi əhəmiyyət daşıyır:
“Trampın Ağ Evdəki çıxışında Azərbaycan və Ermənistanın uzun illər davam edən münaqişədən sonra sülh istiqamətində mühüm addım atdığını vurğulaması Vaşinqtonun bu prosesə verdiyi siyasi əhəmiyyəti nümayiş etdirirdi”.
Deputat hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında formalaşan siyasi dialoq da Vaşinqton prosesinin mühüm elementlərindən biridir:
“Vaşinqton görüşündə iki lider arasında aparılan söhbətdə Tramp Azərbaycan və Ermənistan arasında uzunmüddətli münaqişənin həllinə görə Prezident İlham Əliyevin səylərini yüksək qiymətləndirdi. Prezident İlham Əliyev isə Trampın regionda sülhün əldə olunmasına verdiyi töhfəni xüsusi qeyd etdi.
Bu dialoq onu göstərir ki, Azərbaycan öz xarici siyasətində müxtəlif güc mərkəzləri ilə milli maraqlar əsasında qarşılıqlı faydalı münasibətlər qurmağa qadirdir. Prezident İlham Əliyevin xarici siyasətinin əsas xüsusiyyətlərindən biri də məhz budur”.
