Bakı. Trend:
Bir il əvvəl – 2025-ci il avqustun 8-də Vaşinqtonda baş verən hadisə artıq bu gün Cənubi Qafqazın müasir tarixində ən mühüm hadisələrdən biri hesab oluna bilər. ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan hələ bir neçə il əvvəl demək olar ki, mümkün görünməyən addımı atdılar: otuz ildən artıq davam edən münaqişədən sonra tərəflər sülh barədə razılığa gəldilər və münasibətlərin yeni modelinin qurulmasına başladılar.
Ötən on iki ay ərzində region əhəmiyyətli dərəcədə dəyişib. Azərbaycan və Ermənistan arasında faktiki olaraq sülh bərqərar olub, dövlət sərhədinin delimitasiyası prosesi davam edir, müxtəlif səviyyələrdə müntəzəm görüşlər keçirilir, siyasi dialoq inkişaf edir. Uzun illərdən sonra ilk dəfə nəqliyyat marşrutları fəaliyyətə başlayıb: Azərbaycandan Ermənistana yüklərin daşınması, həmçinin Azərbaycan ərazisindən Ermənistan istiqamətində tranzit yükdaşımaları həyata keçirilir.
Bütün bunlar qarşıdurma dövründən praktiki əməkdaşlıq mərhələsinə tədrici keçidin göstəricisidir. Baş verən dəyişikliklər təkcə Bakı ilə İrəvan arasında ikitərəfli münasibətlərə deyil, həm də bütün regionun nəqliyyat, iqtisadi və geosiyasi arxitekturasına təsir göstərir.
Vaşinqton sammiti: yeni dövrün başlanğıcı
Bu prosesin necə başladığını xatırlamaq vacibdir. Müharibə başa çatdıqdan sonra hərbi qarşıdurmadan siyasi nizamlanmaya keçidin təşəbbüskarı məhz Azərbaycan oldu. Bu sülh prosesinin memarı Azərbaycan Prezidenti İlham Əliyev idi. O, döyüş meydanında qazanılmış qələbəni ardıcıl şəkildə siyasi müstəviyə daşıdı və uzunmüddətli sülhün təmin olunması üçün konkret zəmin formalaşdırdı.
Məhz Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasının beş əsas prinsipini ilk dəfə irəli sürdü:
- Dövlətlərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
- Dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmadığını qarşılıqlı təsdiqləməsi və gələcəkdə belə iddiaların irəli sürülməyəcəyinə dair hüquqi öhdəliyin qəbul edilməsi;
- Dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyinə təhdiddən, siyasi müstəqilliyə və ərazi bütövlüyünə qarşı güc tətbiqindən və ya güclə hədələmədən, habelə BMT Nizamnaməsinin məqsədlərinə zidd digər hərəkətlərdən çəkinilməsi;
- Dövlət sərhədinin delimitasiya və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
- Nəqliyyat və kommunikasiyaların xəttlərinin açılması, digər müvafiq kommunikasiya xətlərinin inşası və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.
Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar.
Vaşinqton sammiti sadəcə diplomatik hadisə deyildi. O, uzun illər davam edən münaqişə ətrafındakı danışıqlardan sülh gündəliyinin praktiki həyata keçirilməsinə qəti keçidi simvolizə etdi. Uzun illərdən sonra ilk dəfə əsas diqqət münaqişənin həlli formulunun axtarışına deyil, prinsipial razılaşmalar əldə edildikdən sonra iki dövlət arasında əməkdaşlıq məsələlərinə yönəldi.
Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində dediyi kimi, Azərbaycan onilliklərlə müharibə şəraitində yaşadıqdan sonra faktiki olaraq sülh şəraitində yaşamağın nə demək olduğunu öyrənməyə başlayıb.
“Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Çünki müstəqillik əldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdır. Müharibənin müxtəlif mərhələləri olub. Siz də bunu yaxşı xatırlayırsınız. Həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu. Yəni Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və qeyd etdiyim kimi, dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Bu nöqteyi-nəzərdən keçən ili ölkəmiz, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar və əminəm ki, bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq. Biz artıq cəmi beş ay bu şəraitdə yaşamağımıza baxmayaraq, bunun bəhrəsini görürük - həm siyasi, həm iqtisadi müstəvidə. Cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, uğurla irəliyə addımlayaq və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll edək”, - deyə Prezident İlham Əliyev bildirib
Yeni reallığın praktiki əhəmiyyətinin tədricən Ermənistanda da qəbul edilməsi diqqət çəkir. Baş nazir Nikol Paşinyan 35 illik münaqişənin başa çatmasının nəticələrini dəyərləndirərkən bildirib ki, Azərbaycanla sülh məhz Ermənistanın müstəqilliyini qoruması və inkişaf etdirməsi üçün çatışmayan amil idi.
Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub və onun ifadəsi ilə desək, "sülhdən daha etibarlı təhlükəsizlik təminatı yoxdur".
Baş verən dəyişikliklər artıq tədricən təkcə konkret diplomatik razılaşmaların nəticəsi kimi deyil, həm də hər iki ölkə üçün uzunmüddətli zərurət kimi qəbul olunur.
Səmərəsiz mexanizmin ləğvi
Vaşinqtonda əldə olunmuş razılaşmaların praktiki icrasına dərhal başlanıldı.
Artıq 2025-ci il avqustun 11-də Azərbaycan və Ermənistan birgə şəkildə ATƏT-in Baş katibinə Minsk qrupunun ləğv edilməsi ilə bağlı müraciət etdilər. Həmin gün iki ölkə arasında imzalanmış sülh sazişinin tam mətni də dərc olundu.
Bir neçə ay sonra – 2025-ci il dekabrın 1-də ATƏT münaqişənin tənzimlənməsi istiqamətində otuz il ərzində heç bir praktiki nəticə əldə edə bilməmiş Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verdi.
Beləliklə, hələ 1990-cı illərdə yaradılmış formatın fəaliyyətinə faktiki olaraq son qoyuldu. Minsk qrupunun bağlanması təkcə prosedur xarakterli addım deyil, həm də münaqişə tarixində bütöv bir dövrün başa çatmasının simvolu və bundan sonrakı nizamlanmanın birbaşa tərəflərin özləri tərəfindən həyata keçirildiyinin təsdiqi oldu.
Sülh iqtisadiyyata xidmət etməyə başlayır
Vaşinqton sammitindən sonrakı ilk ilin ən diqqətçəkən nəticələrindən biri Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq elementlərinin tədricən formalaşması oldu.
Artıq 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə birgə mətbuata bəyanatla çıxışı zamanı bildirib ki, Azərbaycan işğal dövründən qüvvədə olan Ermənistan istiqamətində yük tranzitinə tətbiq edilən bütün məhdudiyyətləri aradan qaldırıb.
Yeni marşrutla daşınan ilk yük Qazaxıstan taxılı olub. Həmin vaxtdan etibarən Qazaxıstan və Rusiyadan Ermənistana müxtəlif məhsulların Azərbaycan ərazisi ilə müntəzəm tranziti, eləcə də Azərbaycandan Ermənistana yükdaşımaları həyata keçirilir.
Daha diqqətçəkən hadisələrdən biri Azərbaycanın neft məhsullarının Ermənistana tədarükü oldu. Ermənistanın Baş naziri Nikol Paşinyanın daha əvvəl dediyi kimi, Azərbaycanla sülh sayəsində ölkəsində dizel yanacağının qiyməti 20 faiz ucuzlaşıb. Onun sözlərinə görə, Azərbaycandan neft məhsullarının idxalı Ermənistanın yanacaq sektorunda onilliklər ərzində mövcud olmuş inhisarı aradan qaldırıb.
Qeyd etmək lazımdır ki, indiyədək Azərbaycan ərazisi vasitəsilə Rusiyadan Ermənistana tranzit qaydada 36 min tondan çox taxıl, təxminən 9 min ton gübrə, 1 136 ton propan, 133 ton alüminium, 414 ton antrasit və 67 min ton taxta materialları daşınıb. Eyni dövrdə Azərbaycandan Ermənistana təxminən 15 min ton dizel yanacağı, eləcə də Aİ-92 və Aİ-95 markalı təxminən 5 min ton benzin ixrac edilib. Gələcəkdə Azərbaycan və Ermənistan arasında ticarət nomenklaturasının daha da genişlənməsi də istisna edilmir.
Hələ bir il əvvəl belə logistika demək olar ki, mümkünsüz görünürdü. Bu gün isə tranzit daşımaları baş verən dəyişikliklərin ən əyani göstəricilərindən birinə çevrilib. Əslində, Cənubi Qafqaz tədricən Şərqlə Qərb arasında təbii tranzit körpüsü roluna qayıdır, nəqliyyat isə qonşu dövlətlər arasında etimadın möhkəmləndirilməsinin əsas alətlərindən birinə çevrilir.
Dialoq daimi prosesə çevrilib
Əgər onilliklər ərzində Azərbaycan və Ermənistan arasında istənilən təmaslar yalnız böhran diplomatiyası və beynəlxalq vasitəçilik çərçivəsində baş tuturdusa, Vaşinqton sammitindən bir il sonra ikitərəfli dialoq faktiki olaraq daimi qarşılıqlı fəaliyyət mexanizminə çevrilib.
Bu prosesdə təkcə Bakı ilə İrəvan arasında birbaşa təmaslar deyil, həm də ABŞ-nin sülh prosesinə davamlı dəstəyi mühüm rol oynayıb.
Artıq 2025-ci ilin noyabrında ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Huker Azərbaycan və Ermənistan arasında sülh prosesinin növbəti mərhələsinin müşayiəti məqsədilə xüsusi işçi qrupunun fəaliyyətə başladığını elan edib. Qrupun əsas vəzifəsi ənənəvi anlamda vasitəçilik etmək deyil, artıq əldə olunmuş razılaşmaların həyata keçirilməsinə yardım göstərmək və danışıqlar prosesinin davamlı dinamikasını qorumaq idi.
Eyni zamanda tərəflər ikitərəfli əsasda siyasi dialoqu tədricən genişləndirməyə başlayıblar.
Humanitar xarakterli ilk praktiki addımlardan biri 2026-cı ilin yanvarında Azərbaycanın dörd məhkum olunmuş şəxsi – Vaqif Xaçatryanı, Gevorq Rubenoviç Sucyanı, David Tiqrani Davtyanı və Viken Abraham Eulcekciyanı Ermənistana təhvil verməsi barədə qəbul etdiyi qərar oldu. Onların təhvil verilməsi tərəflər arasında əldə edilmiş razılaşmalara və humanizm prinsiplərinə uyğun şəkildə həyata keçirildi.
Bu addım normallaşma prosesinin artıq yalnız siyasi bəyanatlarla məhdudlaşmadığını, tədricən praktiki məzmun qazandığını göstərən növbəti sübut oldu.
Liderlər yeni dinamikanı möhkəmləndirirlər
Əldə olunmuş irəliləyişin qorunub saxlanılmasında iki ölkə rəhbərləri arasında müntəzəm təmaslar xüsusi əhəmiyyət daşıyıb.
2026-cı ilin fevralında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Əbu-Dabidə görüş keçiriblər. Görüşün yekununda tərəflər münasibətlərin normallaşdırılması prosesində müsbət dinamikanın qorunub saxlanılması niyyətini təsdiqləyib, danışıqların əvvəlki beynəlxalq vasitəçilik mexanizmlərinə qayıtmadan ikitərəfli formatda davam etdirilməsinə sadiq olduqlarını vurğulayıblar. Bundan əlavə, liderlər ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarının araşdırılması barədə razılığa gəliblər.
Hələ bir neçə il əvvəl məsələnin bu cür qoyuluşu mümkünsüz görünürdü. Əvvəllər Bakı ilə İrəvan arasında keçirilən görüşlər yalnız təhlükəsizlik məsələlərinə və münaqişənin nəticələrinə həsr olunurdusa, indi danışıqların gündəliyində tədricən iqtisadiyyat, investisiyalar, nəqliyyat əlaqələri və birgə layihələr ön plana çıxmağa başlayıb.
Məhz bu amil iki dövlət arasında münasibətlərin xarakterində keyfiyyətcə yeni mərhələnin formalaşdığını göstərir.
Əbu-Dabi görüşündən qısa müddət sonra İlham Əliyev və Nikol Paşinyan yenidən Vaşinqtonda – ABŞ Prezidenti Donald Trampın sədrliyi ilə keçirilən Sülh Şurasının ilk iclası çərçivəsində görüşüblər. Danışıqlara Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də qoşulublar ki, bu da region ölkələrinin Cənubi Qafqazda yeni əməkdaşlıq arxitekturasının formalaşdırılmasına artan marağını nümayiş etdirib.
Delimitasiya prosesi
Ötən il ərzində delimitasiya komissiyalarının bir sıra iclasları keçirilib. Həmin görüşlərdə dövlət sərhədinin xəttinin müəyyənləşdirilməsi, geodeziya işlərinin aparılması və müvafiq sənədlərin hazırlanması ilə bağlı praktiki məsələlər müzakirə olunub.
Diqqətçəkən məqam ondan ibarətdir ki, iclaslar konstruktiv şəraitdə keçib və tərəflərin birgə bəyanatları ilə başa çatıb. Halbuki, bir neçə il əvvəl belə mənzərəni təsəvvür etmək demək olar ki, mümkün deyildi.
Xüsusilə, komissiyaların Ağverəndə keçirilən on üçüncü iclasının yekunlarına əsasən tərəflər delimitasiya prosesinin davam etdirilməsinə sadiq olduqlarını təsdiqləyib, həmçinin daha əvvəl əldə olunmuş razılaşmaların icrasında müsbət dinamikanı qeyd ediblər.
İyul ayında bildirilib ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin artıq təxminən 13 kilometrlik hissəsi delimitasiya olunub, həmin sahələrdə demarkasiya işləri də həyata keçirilib. Delimitasiya prosesinin şimaldan cənuba doğru davam etdirilməsi ilə bağlı da müəyyən razılıqlar əldə olunub.
TRIPP: sülh razılaşmasından yeni nəqliyyat reallığına
Əldə olunmuş sülhün tədricən konkret infrastruktur layihələrinə çevrildiyini göstərən ən bariz nümunələrdən biri "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin həyata keçirilməsidir. Əgər Vaşinqton sammiti nəqliyyat əlaqələrinin bərpası üçün siyasi zəmin yaratdısa, TRIPP həmin razılaşmanı regionun nəqliyyat xəritəsini dəyişə biləcək real infrastruktur layihəsinə çevirməyi hədəfləyir.
Prezident İlham Əliyev iyulun 13-də IV Şuşa Qlobal Media Forumunun açılışında çıxışı zamanı TRIPP-in işə salınmasının daha geniş əhəmiyyətini aydın şəkildə ifadə edib.
“Bu layihə regionun nəqliyyat bağlılığı xəritəsini tamamilə dəyişəcək, Cənubi Qafqazda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək. Bizim buna böyük ehtiyacımız var. Eyni zamanda, bu, Cənubi Qafqazda qarşılıqlı etimad və konstruktiv əməkdaşlıq mühitinin formalaşmasına töhfə verəcək”, - deyə Prezident İlham Əliyev bildirib.
Layihə birbaşa ABŞ və Ermənistan arasında həyata keçirilsə də, onun əhəmiyyətini yalnız ikitərəfli kontekstdə qiymətləndirmək mümkün deyil. Marşrutun giriş və çıxış nöqtələri Azərbaycan ərazisində yerləşdiyindən ABŞ tərəfi layihənin icrası ilə bağlı Bakını mütəmadi olaraq məlumatlandırır.
2026-cı ildə Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsində fiziki tikinti işlərinə başlanılması gözlənilir.
Öz növbəsində Azərbaycan üzərinə götürdüyü öhdəlikləri sürətlə yerinə yetirir. Azərbaycan ərazisində yeni dəmir yolu və avtomobil yollarının tikintisi yüksək templə davam edir və Bakı 2027-ci ilin əvvəlində hər iki marşrutun Ermənistan sərhədinə çatacağını gözləyir.
Diqqətçəkən məqamlardan biri də odur ki, TRIPP layihəsinin potensialı tədricən Ermənistanda da qəbul edilməyə başlayıb. Baş nazir Nikol Paşinyan iyunun 7-də parlament seçkiləri günü layihəni "oyunun qaydalarını dəyişə biləcək" təşəbbüs adlandıraraq bildirib ki, o, bütün region ölkələrinə fayda verə bilər. Onun sözlərinə görə, TRIPP təkcə Ermənistan və Azərbaycan üçün deyil, həm də Türkiyə, Gürcüstan və İran üçün sərfəlidir.
Layihənin həyata keçirilməsi istiqamətində praktiki hazırlıq işləri artıq başlanıb. May ayında ABŞ-nin mühəndislik-konsaltinq şirkəti AECOM-un nümayəndələri Ermənistanda TRIPP layihəsinin həyata keçiriləcəyi ərazinin tədqiqinə başlayıblar. AECOM komandası ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiyalar üzrə Tərəfdaşlıq Fondunun tapşırığı ilə İrəvana gəlib.
Layihə üzrə iş diplomatik müstəvidə də davam etdirilib. Avqustun 5-də İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-nin sülh missiyaları üzrə xüsusi elçisinin baş müşaviri Ari Laytstoun ilə TRIPP layihəsinin icrasını müzakirə edib. Tərəflər proqramın qısa müddətdə praktiki mərhələyə keçirilməsində maraqlı olduqlarını vurğulayıblar.
Qeyd etmək lazımdır ki, ABŞ tərəfi bu marşrutun əhəmiyyətini yüksək qiymətləndirir.
ABŞ-nin sülh missiyaları üzrə xüsusi elçisi Ari Laytstoun Bakı Enerji Həftəsi çərçivəsində Trend-ə özəl müsahibəsində bildirib ki, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) ilkin gözləntilərdən qat-qat böyük potensiala malikdir.
“Azərbaycan C5 (beş Orta Asiya ölkəsi) ilə əsas əlaqəyə çevrilir, bu ölkə isə indi faktiki olaraq C6 (beş Orta Asiya ölkəsi və Azərbaycan) və daha da qərbə çevrilib”, - deyə amerikalı xüsusi elçi bildirib
Bu baxımdan TRIPP yeni modelin əsas elementlərindən birinə çevrilir. Ermənistan ərazisindən keçərək Azərbaycanı Naxçıvanla birləşdirəcək yol potensial olaraq daha geniş funksiyanı yerinə yetirərək Xəzər hövzəsini, Mərkəzi Asiyanı, Cənubi Qafqazı və Qərb bazarlarını birləşdirən strateji bağlantıya çevrilə bilər.
Trampın sülh prosesində rolu və Azərbaycan-ABŞ tərəfdaşlığının yeni mərhələsi
Vaşinqton sammitindən sonrakı ilk ilin nəticələri kontekstində ABŞ Prezidenti Donald Trampın rolu ayrıca diqqətə layiqdir. Daha geniş mənada bu dövrdə baş verənləri təkcə Ermənistan-Azərbaycan sülh prosesinin yeni mərhələsi kimi deyil, həm də Azərbaycan ilə ABŞ arasında münasibətlərdə prinsipial yeni dövrün başlanğıcı kimi qiymətləndirmək olar.
Bakı üçün ABŞ-nin iştirakı xüsusilə ona görə əlamətdar idi ki, Vaşinqton həlledici məqamda mövcud status-kvonun qorunmasına deyil, konkret siyasi nəticənin – Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına və onun uzunmüddətli təminatı üçün şərait yaradılmasına üstünlük verdi.
Donald Tramp 2026-cı ilin may ayında Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edərkən vurğulayıb ki, ABŞ Azərbaycan ilə Ermənistan arasında davamlı sülhü dəstəkləməkdə davam edir.
"Sizin ötən ilin avqustunda parafladığınız sülh sazişinin irəlilədilməsi istiqamətində Azərbaycanın səyləri, o cümlədən sərhədlərin delimitasiyası prosesinin davam etməsi, 2026-cı ilin yanvarında dörd erməni məhbusun azad edilməsi, Ermənistana yanacaq tədarükü və iki ölkənin vətəndaş cəmiyyətlərini bir araya gətirən "Sülh Körpüsü" təşəbbüsü bizi ruhlandırır", – deyə ABŞ Prezidenti qeyd edib.
Bu, prinsipial əhəmiyyət daşıyan ifadədir. Vaşinqton prosesi bu halda yalnız iki ölkə arasında münaqişənin tənzimlənməsi ilə məhdudlaşmır. O, Azərbaycan ilə ABŞ arasında siyasi dialoqdan və enerji əməkdaşlığından tutmuş infrastruktur, regional təhlükəsizlik və yeni iqtisadi layihələrə qədər ikitərəfli münasibətlərin genişləndirilməsi üçün əsas platformaya çevrilir.
Prezident İlham Əliyev isə dəfələrlə Tramp administrasiyasının yanaşmasının əvvəlki ABŞ administrasiyalarının siyasətindən prinsipial şəkildə fərqləndiyini vurğulayıb.
“Bəli, Prezident Trampın bu günə qədər və bugünkü yanaşması ilə ondan əvvəlki administrasiyaların siyasəti arasında çox ciddi fərq var idi və bu fərq bu gün də özünü göstərir. Təəssüf ki, təxminən 30 il davam etmiş işğal dövründə ABŞ administrasiyaları, ATƏT-in o zamankı Minsk qrupunun digər həmsədrləri ilə birlikdə, BMT Təhlükəsizlik Şurasının özlərinin də qəbul etdiyi qətnamələr əsasında Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə nail olmaq əvəzinə, münaqişənin dondurulması siyasətini yürüdürdülər. Onların əsas məqsədi münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq və bundan həm Azərbaycana, həm də müəyyən dərəcədə Ermənistana təsir vasitəsi kimi istifadə etmək idi. Onlar tam sinxron şəkildə fəaliyyət göstərirdi və ATƏT-in Minsk qrupunun bütün fəaliyyəti münaqişənin həllinə deyil, işğalın sonsuz olmasına xidmət edirdi.
Prezident Trampın yanaşması isə tamamilə fərqli idi. O, sülhsevər, dünyanın müxtəlif bölgələrində sülhün bərqərar olunmasına çalışan bir liderdir. Özünün də qeyd etdiyi kimi, o, səkkiz münaqişənin həllinə töhfə verib. Bu, onun xarakterini, baxışlarını və siyasətini əks etdirir.
Bizim məsələdə Prezident Trampın rolu Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzrə danışıqların yekun mərhələsində xüsusilə mühüm oldu”, - deyə Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunun açılışında bildirib.
Sonrakı hadisələrin inkişafı göstərdi ki, söhbət təsadüfi diplomatik uğurdan getmirdi.
2026-cı ilin fevralında ABŞ-nin vitse-prezidenti Cey Di Vens Azərbaycan və Ermənistana səfər etdi. Səfər çərçivəsində Azərbaycan və ABŞ hökumətləri arasında Strateji tərəfdaşlıq xartiyası imzalandı. Vaşinqton sammitindən cəmi bir neçə ay sonra belə bir sənədin qəbul edilməsi Donald Trampın verdiyi siyasi təkanın ikitərəfli münasibətlərin institusional təməlinə nə qədər sürətlə çevrildiyini göstərir.
Daha bir tarixi qərar isə Donald Trampın 2025-ci ilin avqustunda Ağ Evdəki Oval kabinetdə, Prezident İlham Əliyevin iştirakı ilə "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamı imzalaması oldu. Azərbaycan üçün bu addım xüsusi siyasi əhəmiyyət daşıyırdı. Çünki söhbət onilliklər ərzində Bakı ilə Vaşinqton arasında münasibətlərin ən həssas məsələlərindən biri hesab olunan məhdudiyyətdən gedirdi.
Beləliklə, qısa müddət ərzində Azərbaycan-ABŞ əməkdaşlığının bir sıra yeni elementləri formalaşdı: Vaşinqtonun Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasında fəal iştirakı, regionun nəqliyyat bağlantılarının inkişafına dəstəyi, 907-ci düzəlişin tətbiqinin dayandırılması, ABŞ vitse-prezidentinin regiona səfəri və Strateji tərəfdaşlıq Xartiyasının imzalanması.
Bununla yanaşı, şəxsi münasibətlər amili də diqqət çəkir. 2026-cı ilin yanvarında Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Sülh Şurasının Xartiyasının imzalanması mərasimində Donald Tramp Azərbaycan və Ermənistan liderləri barədə danışarkən belə deyib:
"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan mənim dostlarıma çevriliblər".
Azərbaycan ilə ABŞ arasında münasibətlərin yeni mərhələsi eyni vaxtda iki istiqamətdə formalaşır. Birincisi, siyasi müstəvidə – Vaşinqton Azərbaycan və Ermənistan arasında tarixi razılaşmaya gətirib çıxaran prosesin birbaşa iştirakçısına çevrilib. İkincisi, strateji müstəvidə – əldə olunmuş sülh Azərbaycan-ABŞ tərəfdaşlığının keyfiyyətcə yeni səviyyədə genişlənməsi üçün imkan yaradıb.
Bu baxımdan Vaşinqton sammiti son nöqtə deyil, daha genişmiqyaslı prosesin başlanğıcı oldu.
Reytinq agentlikləri Bakı ilə İrəvan arasında normallaşmanın nəticələrini qeydə alır
Vaşinqton sammitindən ötən bir il ərzində Cənubi Qafqazda vəziyyətə yanaşmanın necə dəyişdiyini göstərən mühüm göstəricilərdən biri də beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələri olub. Siyasi bəyanatlar Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını və münasibətlərin yeni mərhələyə keçməsini təsdiqlədiyi halda, “Moody’s”, “Fitch Ratings” və “S&P Global Ratings” bu prosesi siyasi risklərə, investisiya mühitinə, ticarətə, iqtisadi artıma və ölkələrin kredit qabiliyyətinə təsiri baxımından qiymətləndirirlər.
Ən diqqətçəkən siqnallardan biri “Moody’s” agentliyinin Ermənistanın uzunmüddətli reytinqləri üzrə proqnozunu "sabit"dən "müsbət"ə yüksəltməsi olub. Bununla yanaşı, agentlik ölkənin milli və xarici valyutada uzunmüddətli emitent reytinqini “Ba3” səviyyəsində saxlayıb.
Agentlik proqnozun yaxşılaşdırılmasını birbaşa Azərbaycanla sülh gündəliyində əldə olunan irəliləyişlə əlaqələndirib.
"Pozitiv proqnoz Azərbaycanla genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması ehtimalının azalması, xarici əlaqələrin daha şaxələndirilmiş tərəfdaşlar dairəsinə yönəldilməsi və daxili siyasi risklərin məhdud səviyyədə qalması nəticəsində siyasi risklərin əhəmiyyətli dərəcədə azalmasını əks etdirir", - deyə qeyd olunub.
Digər hesabatında “Moody’s” normallaşma prosesinin nəticələrini artıq daha geniş regional kontekstdə qiymətləndirir. Agentlik qeyd edir ki, Cənubi Qafqazda geosiyasi dinamika daha əlverişli xarakter almağa başlayıb.
"Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın genişlənməsi, regional nəqliyyat dəhlizləri üzrə əldə olunan irəliləyiş və sülh prosesinə davam edən beynəlxalq dəstək, rəsmi şəkildə ratifikasiya edilmiş sülh sazişi hələ mövcud olmasa da, regionun qarşılıqlı əlaqəsini tədricən gücləndirir və geosiyasi riskləri azaldır", – hesabatda vurğulanır.
“Moody’s”in bir başqa hesabatında isə bildirilir ki, 2025-ci ilin avqustunda ABŞ-nin vasitəçiliyi ilə əldə olunan sülh planı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün etibarlı zəmin yaradır.
"Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı risklər qalmaqdadır. Bununla belə, hesab edirik ki, münaqişənin dövlət siyasətinin formalaşdırılması prosesini ciddi şəkildə ləngidəcək və ya 2026-cı ildə ölkələrin iqtisadi və fiskal perspektivlərinə mənfi təsir göstərəcək səviyyədə eskalasiya etməsi ehtimalı aşağıdır. 2025-ci ilin avqustunda ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan sülh planı ikitərəfli münasibətlərin normallaşdırılması üçün etibarlı əsas yaradır", – agentlik qeyd edir.
Maraqlıdır ki, Vaşinqton görüşündən əvvəl də "Fitch Ratings" genişmiqyaslı hərbi münaqişənin yenidən başlanması ehtimalını aşağı qiymətləndirirdi. Agentlik 2025-ci ilin iyul ayında – Vaşinqton görüşündən əvvəl – Azərbaycan və Ermənistan arasında hərbi qarşıdurmanın yenidən baş verməsinin az ehtimal olunduğunu bildirmişdi.
Avqust görüşündən sonra isə "Fitch" bu qiymətləndirməni daha konkret ifadə edib. Agentlik bəyan edib ki, Azərbaycan və Ermənistan arasında çərçivə sülh sazişi hərtərəfli razılaşmaya aparan yolda müsbət addımdır və hərbi əməliyyatların yenidən başlanması riskini azaldır.
"Sülh razılaşmasının əldə olunması qısa müddətdə hər iki ölkənin reytinqlərinə birbaşa təsir göstərməyə bilər. Lakin ticarətin genişlənməsi hesabına iqtisadi artımı stimullaşdırmaqla orta müddətli müsbət kredit meyillərini dəstəkləyə bilər. Bunun kəmiyyət baxımından qiymətləndirilməsi isə çətindir", – “Fitch” qeyd edib.
Azərbaycan üçün “Fitch” gərginliyin azalmasının daha bir mümkün nəticəsini də önə çəkir. Agentliyin fikrincə, bu şərait Azərbaycanın diqqətini daxili iqtisadi islahatlara, ilk növbədə iqtisadiyyatın şaxələndirilməsi və dövlət idarəçiliyinin gücləndirilməsi istiqamətinə yönəltməsinə imkan yaradır.
Agentliyin qiymətləndirməsində TRIPP layihəsi xüsusi yer tutur. "Fitch" hesab edir ki, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsinin həyata keçirilməsi Azərbaycanın ixracının artmasına və uzunmüddətli iqtisadi inkişafına töhfə verə bilər.
Bundan başqa, "Fitch" 2025-ci ilin oktyabrında Azərbaycanın Ermənistana quru yük tranzitinə icazə verməsini də regionda gərginliyin azalmasının mühüm göstəricilərindən biri kimi qiymətləndirir.
"Bir sıra iri infrastruktur investisiya layihələri, o cümlədən Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu uzunmüddətli iqtisadi artım üçün əlavə perspektivlər yarada bilər", – agentlik bildirir.
Bununla yanaşı, "Fitch" Ermənistanın orta müddətli iqtisadi perspektivlərinin daha da yaxşılaşması potensialını birbaşa Azərbaycanla sülh sazişinin ardıcıl icrası və Türkiyə ilə sərhədin açılması ilə əlaqələndirir.
Oxşar qiymətləndirməni “S&P Global Ratings” də təqdim edir. Reytinq agentliyi hesab edir ki, normallaşma istiqamətində atılan addımlar gələcək hərbi eskalasiya ehtimalını azalda və bununla da regional təhlükəsizlik risklərini zəiflədə bilər.
“S&P” artıq ilk praktik nəticələrin müşahidə olunduğunu da vurğulayır.
"Normallaşma istiqamətində atılan ilk addımlar artıq regional əlaqəliliyin və ticarətin mülayim şəkildə yaxşılaşmasına gətirib çıxarıb", – hesabatda qeyd olunur.
“S&P” analitikləri həmçinin 2025-ci ilin avqustunda ABŞ-nin vasitəçiliyi ilə əldə olunan razılaşmanı mühüm siyasi dönüş nöqtəsi kimi qiymətləndirirlər. Onların fikrincə, bu razılaşma hər iki ölkə rəhbərliyinin sülh prosesinə sadiqliyini nümayiş etdirib və təhlükəsizlik sahəsində vəziyyətin sabitləşməsinə töhfə verib.
Sülhün arxitekturası qurulub: indi nə qalır?
Bu gün, Azərbaycan və Ermənistan arasında baş tutmuş tarixi Vaşinqton görüşündən bir il sonra region faktiki olaraq sülh şəraitində yaşayır. Bakı ilk gündən məqsədini qarşıdurmanın müvəqqəti dayandırılması kimi deyil, iki dövlətin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına və hörmətə əsaslanan yeni münasibətlər arxitekturasının formalaşdırılması kimi müəyyənləşdirib.
Ötən müddət ərzində Azərbaycan üzərinə götürdüyü öhdəlikləri ardıcıl şəkildə yerinə yetirib. Bununla yanaşı, Bakı dəfələrlə vurğulayıb ki, sülhün tam və yekun şəkildə rəsmiləşdirilməsi üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar aradan qaldırılmalıdır.
Məhz bu məsələ bu gün sülhün hüquqi baxımdan tam təsbit olunması üçün həllini gözləyən son əsas məsələlərdən biri olaraq qalır.
Bu baxımdan Azərbaycan və Ermənistanın təcrübəsi artıq ikitərəfli nizamlanma çərçivəsindən xeyli kənara çıxır. Prezident İlham Əliyevin 2026-cı ilin fevralında Əbu-Dabidə keçirilən "Zayed İnsan Qardaşlığı Mükafatı" nın təqdimetmə mərasimində qeyd etdiyi kimi, Azərbaycan və Ermənistan nümunəsi hələ də müharibə vəziyyətində olan ölkələr tərəfindən öyrənilməli və yol xəritəsi kimi əsas götürülməlidir.
Bu, heç şübhəsiz, ötən ilin ən mühüm nəticələrindən biridir. Azərbaycan təkcə uzun illər davam edən münaqişəyə son qoymayıb, öz ərazi bütövlüyünü bərpa edib və müharibənin nəticələrinin siyasi müstəvidə təsbit olunmasına nail olmayıb, eyni zamanda münaqişədən sülhə, qapalı sərhədlərdən qarşılıqlı bağlı regional məkana, qarşıdurmadan iqtisadi əməkdaşlığa keçidin modelini də təklif edib.
Buna görə də bu gün əsas sual artıq Azərbaycan və Ermənistan arasında sülhün mümkün olub-olmaması deyil. Ötən bir il göstərdi ki, sülh Cənubi Qafqazın yeni reallığına çevrilib. Əsas məsələ bu reallığın hüquqi baxımdan nə qədər tez bir zamanda yekun olaraq təsbit olunacağıdır.
Və bu prosesdə Azərbaycanın təşəbbüsləri hələ də həlledici rol oynayır. Növbəti mərhələ əldə olunmuş sülhün Bakı və İrəvana, eləcə də bütün Cənubi Qafqaza, Türkiyəyə, Mərkəzi Asiyaya və Avropaya fayda gətirəcək davamlı əməkdaşlıq sisteminə çevrilməsidir.
