Fotoşəkillərə həkk olunan tarix - Reza Deqati diaspor gəncləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 10 Avqust 2026 12:29 (UTC +04:00)
Fotoşəkillərə həkk olunan tarix - Reza Deqati diaspor gəncləri ilə görüşüb (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Diaspor Gənclərinin VII Yay Düşərgəsi çərçivəsində Şərqi Zəngəzurda keçirilən tədbirdə dünya şöhrətli fotomüxbir Reza Deqatinin gənclərlə görüşü baş tutub. Tanınmış fotoqraf uzun illər ərzində dünyanın müxtəlif regionlarında çəkdiyi fotoları təqdim edib.

Təqdimatda ayrı-ayrı xalqların adət-ənənələrini, gündəlik həyatını və mədəni müxtəlifliyini əks etdirən fotolarla yanaşı, dünyanın müxtəlif ölkələrində baş vermiş hərbi əməliyyatları əks etdirən kadrlar da nümayiş olunub. Bu fotolar gənclərdə dərin təəssürat yaradıb.

Təqdimatın ən mühüm hissəsini erməni işğalı dövründə Azərbaycanın torpaqlarında törədilmiş dağıntıları əks etdirən kadrlar təşkil edib. Fotoobyektivin dili ilə viranəliyə çevrilmiş şəhər və kəndlər, məhv edilmiş tarixi-mədəni irs nümunələri, eləcə də Qarabağ münaqişəsinin insanların taleyində buraxdığı sağalmaz yaralar təqdim olunub.

Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov əla təqdimata görə Reza Deqatiyə təşəkkür edib və belə görüşlərin gənclərin Vətənə bağlılığının möhkəmləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Gənclər Azərbaycanın reallıqlarının, xalqımızın tarixi yaddaşının və milli-mədəni irsinin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə Reza Deqatinin əməyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Heydər Əliyev Fondu ilə birgə təşkil etdiyi və avqustun 2-dən 8-dək keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsində dünyanın 64 ölkəsindən 123 gənc iştirak edib. Şəki, Şamaxı, Şuşa, Naxçıvan, Laçın və Xankəndi şəhərlərində keçirilmiş əvvəlki düşərgələrdə isə ümumilikdə dünyanın 84 ölkəsindən 700-dən çox gənc iştirak edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti