Bakı. Trend:
Reaktorların soyudulması üçün Çernavoda AES-ə daxil olan su axınının artırılması məqsədilə Dunayın Bala qolu üzərində dörd barjanın batırılması əməliyyatı başa çatıb.
Bu barədə Rumıniyanın milli “Apele Române” (“Rumıniya Suları”) administrasiyası məlumat yayıb.
“İdarə olunan şəkildə batırılan dörd barja iki süni astana rolunu oynayacaq. Bu qurğular su axınının bir hissəsinin suyun elektrik stansiyasına daxil olduğu [Köhnə Dunay] qoluna yönəldilməsinə kömək edəcək”, – deyə “Facebook”da yayımlanan açıqlamada bildirilib.
Məlumata görə, əməliyyatın nəticələri ən tez sabah axşam saatlarında və bazar ertəsi ərzində müşahidə olunacaq.