Bakı. Trend:
ABŞ Müdafiə Nazirliyi öz saytında uçan naməlum obyektlərlə (UNO) bağlı arxiv məlumatlarının beşinci paketini yayımlayıb.
Bu məlumatlar arasında Yaxın Şərqdə çəkilmiş bir neçə video da yer alır. 2025-ci ilə aid videolardan birində yaşayış binalarının üzərindən uçan kürə formalı obyekt görünür.
Pentaqonun açıqlamasında əlavə faylların mütəmadi olaraq yayımlanacağı bildirilib. Sənədlərin ilk hissəsi mayın 8-də dərc olunub.
ABŞ Prezidenti Donald Tramp UNO-larla bağlı məlumatları açıqlamaq niyyətində olduğunu aprelin sonunda bəyan edib. O, yaxın keçmişdə UFO mövzusunu belə hadisələri müşahidə etmiş amerikalı hərbi pilotlarla da müzakirə etdiyini bildirib. Prezidentin sözlərinə görə, pilotlar ona "inanmağın qeyri-mümkün olduğu şeylər gördüklərini" deyiblər.
Trampın sözlərinə görə, o, müdafiə naziri Pit Heqsetə, eləcə də aidiyyəti bütün qurumlara "ehtimal olunan yadplanetli və yerdənkənar həyat, naməlum anomal hadisələr və naməlum uçan obyektlər, habelə bu çox mürəkkəb, lakin son dərəcə maraqlı və mühüm mövzu ilə bağlı digər məlumatlara dair hökumət sənədlərinin müəyyənləşdirilməsi və dərc edilməsi prosesinə başlamaq" tapşırığı verəcək.
