Bakı. Trend:
Kolumbiyanın yeni prezidenti Abelardo de la Esprielyanın hakimiyyətdə ilk günü – avqustun 8-də, şənbə günü – bir polis əməkdaşının öldüyü və bir neçə nəfərin yaralandığı iki hücumla yadda qalıb. Dövlət başçısı mütəşəkkil cinayətkarlığa qarşı radikal tədbirlər görmək niyyətində olduğunu bir daha bəyan edib.
Kolumbiyanın şimalındakı Sezar departamentində polis məntəqəsinə partlayıcılarla yüklənmiş dronlarla hücum zamanı bir polis əməkdaşı öldürülüb. Bu barədə polis məlumat yayıb.
Yeni prezidentin cümə günü and içdiyi Kali şəhəri yaxınlığındakı yolda isə Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARC) dissidentləri partlayıcılarla yüklənmiş avtomobil ilə inşa edilməkdə olan ödənişli keçid məntəqəsinə hücum ediblər. Pan-Amerika magistralının üzərində, Santander de Kiliçao bələdiyyəsinin ərazisində yerləşən infrastruktura hücum nəticəsində iki mühafizəçi yüngül xəsarətlər alıb. Ordu keçid məntəqəsinə hücumu dissident qruplaşmanın törətdiyini bildirib.
Qeyd edək ki, Kolumbiyanın ən çox axtarılan partizanı İvan Mordisko tərəfindən idarə olunan Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin dissidentləri Kali yaxınlığında, Kauka departamentində fəaliyyət göstərir. Dissidentlər 2016-cı ildə hökumətlə əldə olunan sülh sazişinə qoşulmaqdan imtina etmişdilər.
“Ölkənin infrastrukturuna hücum etmək milyonlarla kolumbiyalının tərəqqisinə, hərəkət imkanlarına və rahatlığına hücum etmək deməkdir”, – deyə Abelardo de la Esprielya şənbə günü X sosial şəbəkəsində yazıb. O, andiçmə mərasimində "narkoterrorizm və bütün cinayətkar təşkilatlarla yorulmadan mübarizə aparacağına" söz vermiş və əsas silahlı qruplaşmalarla danışıqların aparılmayacağını bildirmişdi.
De la Esprielya İsrail və ABŞ-nin dəstəyi ilə Kolumbiyada fəaliyyət göstərən partizanlara və narkotik qaçaqmalçılarına qarşı hava zərbələrini gücləndirəcəyinə, həmçinin Salvadorun həbsxanalarına bənzər, çox böyük tutumlu həbsxanalar inşa edəcəyinə söz verib. O, həmçinin sələfi, solçu lider Qustavo Petronun ölkənin əsas silahlı qruplaşmaları ilə başlatdığı sülh danışıqlarını dayandırmaq niyyətində olduğunu açıqlayıb.
De la Esprielya ilk tədbirlərindən biri kimi Petro ilə sülh danışıqlarında iştirak etmiş 117 "yüksək profilli" məhbusun yüksək təhlükəsizlik rejimli həbsxanalara köçürülməsini əmr edib.
