Vaşinqton görüşü: sülh gündəliyinə verilən güclü töhfə

Siyasət Materials 10 Avqust 2026 11:30 (UTC +04:00)
Vaşinqton görüşü: sülh gündəliyinə verilən güclü töhfə

Bakı. Trend:

8 avqust 2025-ci il Cənubi Qafqazın siyasi tarixində xüsusi çəkisi olan tarixlərdən biridir. Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü regionda illərlə davam edən qarşıdurmanın siyasi nəticələrə çevrilməsi baxımından mühüm mərhələ yaratdı.

Bu görüşü yalnız diplomatik protokol hadisəsi kimi qiymətləndirmək düzgün olmaz. Vaşinqton görüşü Azərbaycanın uzun illər ərzində formalaşdırdığı siyasi xəttin, diplomatik iradənin və regional reallıqların beynəlxalq səviyyədə qəbulunun göstəricilərindən biri kimi tarixə düşdü.

Bir il əvvəl Ağ Evdə baş verən hadisənin əsas siyasi mesajı aydın idi: Cənubi Qafqazda yeni reallıq yaranıb və bu reallığın əsasını qarşıdurma deyil, sülh, əməkdaşlıq və regional inkişaf təşkil etməlidir.

Azərbaycan Prezidenti İlham Əliyevin son illərdə həyata keçirdiyi xarici siyasətin əsas xüsusiyyətlərindən biri milli maraqların ardıcıl və prinsipial şəkildə müdafiəsi ilə diplomatik dialoqun paralel aparılmasıdır. Azərbaycan əvvəlcə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bunun ardınca isə regionda davamlı sülhün təmin edilməsini siyasi gündəliyin əsas istiqamətlərindən birinə çevirdi.

Bu ardıcıllıq mühüm məqamdır. Çünki güc balansının dəyişməsi ilə yaranmış yeni vəziyyətin siyasi-diplomatik mexanizmlərlə möhkəmləndirilməsi Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri idi. Vaşinqton görüşü məhz bu prosesin beynəlxalq müstəvidə mühüm mərhələlərindən biri oldu. Başqa sözlə, Azərbaycan hərbi-siyasi reallıq yaratmaqla kifayətlənmədi; həmin reallığın sülh və əməkdaşlıq gündəliyinə çevrilməsi üçün diplomatik təşəbbüslərini də davam etdirdi.

Donald Trampın iştirakı Vaşinqton görüşünə əlavə siyasi çəki verdi. ABŞ Prezidentinin Azərbaycan və Ermənistan liderlərini Ağ Evdə qəbul etməsi Cənubi Qafqaz məsələsinin artıq yalnız regional deyil, qlobal geosiyasi gündəmin də mühüm elementlərindən birinə çevrildiyini göstərdi.

Bu, Azərbaycan diplomatiyası üçün də əhəmiyyətli nəticə idi. Çünki uzun müddət müxtəlif vasitəçilik formatlarında müzakirə olunan Cənubi Qafqaz problemi artıq yeni siyasi reallıqlar fonunda nəzərdən keçirilirdi. Azərbaycanın mövqeyi əvvəlki illərlə müqayisədə daha güclü və daha aydın idi.

Zəngəzur dəhlizinin açılmasına mühüm töhfə olan layihə - “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (Trump Route for International Peace and Prosperity –TRIPP) regionda kommunikasiyaların açılması və iqtisadi əlaqələrin genişlənməsi baxımından sülh gündəliyinin mühüm praktiki istiqamətlərindəndir. Bu layihələr Cənubi Qafqazı yeni nəqliyyat və logistika imkanları ilə birləşdirərək, sülhün real iqtisadi dividendlərə çevrilməsinə xidmət edə bilər.

Bütün bunları nəzərə alaraq, Vaşinqtondakı görüşünü bunun beynəlxalq səviyyədə nümayiş etdirildiyi mühüm platformalardan biri kimi dəyərləndirmək olar. Eyni zamanda bu görüşün əhəmiyyətini yalnız Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində məhdudlaşdırmaq olmaz. Vaşinqton formatı Ermənistan qarşısında da yeni seçim imkanları yaratdı: keçmişin geosiyasi asılılıqları və qarşıdurma məntiqi, yoxsa Azərbaycan və region ölkələri ilə əməkdaşlığa əsaslanan yeni inkişaf modeli. Nəticədə rəsmi İrəvan artıq anlamağa başladı ki, sülhün əldə olunması Ermənistanın özünün iqtisadi və regional imkanlarını da genişləndirə bilər. Kommunikasiyaların açılması, ticarətin artması və regional layihələrə inteqrasiya Ermənistan üçün də yeni perspektivlər deməkdir. Beləliklə, sülh yalnız Azərbaycanın hədəfi deyil. Davamlı sülh bütün Cənubi Qafqazın maraq dairəsindədir.

Regionun gələcəyi baxımından nəqliyyat kommunikasiyalarının xüsusi əhəmiyyəti var. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantının təmin edilməsi yalnız Azərbaycan üçün nəqliyyat məsələsi deyil. Bu, daha geniş mənada regionun yeni logistika xəritəsinin formalaşması deməkdir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan regional bağlantıların inkişafından ciddi iqtisadi dividendlər əldə edə bilər. Burada əsas məqam ondan ibarətdir ki, sülh yalnız siyasi bəyanat olaraq qalmamalıdır. Sülh yollar, dəmir yolları, enerji xətləri, ticarət marşrutları və yeni investisiyalar vasitəsilə real iqtisadi dəyərə çevrilməlidir.

Vaşinqton görüşündən bir il sonra əsas sual həmin siyasi iradənin nə qədər davamlı nəticələrə çevriləcəyidir. Azərbaycanın mövqeyi bu baxımdan kifayət qədər aydındır: regionda yeni müharibələrə ehtiyac yoxdur. Cənubi Qafqazın gələcəyi qarşıdurmada deyil, əməkdaşlıqdadır. Bakı üçün sülh həm də iqtisadi inkişaf, təhlükəsizlik və regional liderliyin möhkəmlənməsi deməkdir. Bu yanaşma Azərbaycanın xarici siyasətində yeni mərhələnin əsas konturlarından birini təşkil edir: milli maraqları qorumaq, suverenliyi möhkəmləndirmək və paralel olaraq regionda əməkdaşlıq mühiti yaratmaq. Vaşinqton görüşünün Azərbaycanın siyasi tarixində mühüm yer tutmasının səbəblərindən biri də budur.

Prezident İlham Əliyevin diplomatik xətti hərbi və siyasi imkanların paralel şəkildə idarə edilməsinə, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsinə və regional proseslərdə təşəbbüskar rolun qorunmasına əsaslanır. 8 avqust görüşü bu siyasətin beynəlxalq platformada nümayiş etdirilən nəticələrindən biridir. Azərbaycan artıq regionda hadisələri kənardan izləyən ölkə deyil, Cənubi Qafqazın siyasi və iqtisadi gündəliyinin formalaşmasında əsas aktorlardan biridir. Bu reallıq yalnız Bakının bəyanatlarında deyil, beynəlxalq diplomatik proseslərdə də öz əksini tapır.

Əslində, Vaşinqton görüşünün bir il sonra ən mühüm mesajı da məhz budur: siyasi sülh iqtisadi və sosial inkişafa çevrilməlidir. Əgər regionda etimad güclənərsə, kommunikasiyalar açılarsa, ticarət və investisiya imkanları genişlənərsə, Cənubi Qafqazın geosiyasi çəkisi daha da artacaq. Azərbaycan isə bu prosesdə həm enerji, həm nəqliyyat, həm də logistika baxımından əsas mərkəzlərdən biri olaraq qalacaq. Bu baxımdan 8 avqust 2025-ci il Vaşinqton görüşünü yalnız bir günün hadisəsi kimi qiymətləndirmək azdır.

Bu tarix yeni mühüm bir siyasi mərhələnin simvoludur. Bir il sonra Vaşinqtondan görünən əsas mənzərə isə belədir: Azərbaycan öz milli maraqlarını qoruyaraq sülh gündəliyini irəli aparır, Cənubi Qafqaz isə qarşıdurma coğrafiyasından əməkdaşlıq məkanına çevrilmək üçün tarixi imkan əldə edib.

İndi bu imkanın məsuliyyətlə reallaşdırılması bütün tərəflərin siyasi iradəsindən asılıdır. Çünki regionun gələcəyi artıq keçmişin mübahisələri ilə deyil, sülhün, əməkdaşlığın və iqtisadi inkişafın yaratdığı yeni reallıqlarla müəyyən edilməlidir.

Əli Hüseynli,

Milli Məclisin deputatı

Məqalədə:

Xəbər lenti

Xəbər lenti