Bakı.Trend:
Gürcüstanda iyulun 24-ü və 25-də baş vermiş genişmiqyaslı elektrik enerjisi kəsintisi, yəqin ki, təxribatla əlaqəli olmayıb. Lakin bununla bağlı yekun cavabı ölkənin Dövlət Təhlükəsizlik Xidməti verəcək.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.
“Biz məsələnin sonadək araşdırılmasını, rəsmi məlumatın verilməsini gözləməliyik və yalnız bundan sonra cəmiyyətə tam məlumat təqdim edəcəyik. Gəlin hadisələri qabaqlamayaq, ola bilsin ki, ümumiyyətlə, məsələ təxribatla bağlı olmayıb. Hər şey tam aydınlaşdıqdan sonra məlumatı cəmiyyətlə bölüşəcəyik”, - deyə Kobaxidze bildirib.
İyulun 24-ü və 25-də Gürcüstanda genişmiqyaslı elektrik enerjisi kəsintisi baş verib. Hər iki halda Tbilisi ilə yanaşı, ölkənin digər iri şəhər və qəsəbələrində də elektrik enerjisi olmayıb. Tbilisi metrosu və dəmir yolu fəaliyyət göstərməyib. Daha sonra Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti genişmiqyaslı elektrik enerjisi kəsintisi ilə əlaqədar ölkənin Cinayət Məcəlləsinin “Təxribat” maddəsi üzrə cinayət işi açıb.
